Qalmaqallı direktor 67 müəllimi işdən çıxardı


20:28     01 Oktyabr 2021 2021/10/2021--1633103477_1633105781.jpg

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Femida.az saytı bildirir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Sayt qeyd edir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər.

“Qafqazinfo” məsələ ilə bağlı kolleclə əlaqə saxlayıb və kütləvi işdən azad edilmənin səbəbini öyrənməyə çalışıb. Təhsil müəssisəsindən növbəti həftə ərzində direktorun bu barədə mətbuata açıqlama verəcəyi bildirilib.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.

Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1006