Qaribaşvili istefa verə bilər - KİV


13:37     07 Oktyabr 2021 2021/10/00CE9185-503A-4CC2-895D-DF0FE5D5BB50_1633601446.png

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verə bilər.

Femida.az -ın məlumatına görə, bu barədə müxalif “TV Pirveli” hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Qaribaşvili bölgələrdə yerli özünüidarəetmə orqanlarına seçkilərdə uğursuzluq üzündən yenidən hökumət başçısı postunu itirə bilər.
Gürcüstanda seçkilər oktyabrın 2-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, mer seçkilərinin ikinci turu ölkənin 20 şəhərində oktyabrın 30 -da keçiriləcək.

Xəbərdə deyilir ki, Qaribaşvilini "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilinin əsas etibar etdiyi şəxs olan Gürcüstanın hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edə bilər.

Qaribaşvili ilk dəfə 8 il əvvəl - 2013-cü ildə baş nazir kürsüsündə olub. Onda Gürcüstan tarixində ən gənc baş nazir və bütün Avropanın ən gənc hökumət başçısı idi. Qaribaşvilinin cəmi 31 yaşı vardı. 2013-cü ildə o, "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin varisi oldu.

2015-ci ilin dekabr ayının sonunda isə heç kimin gözləmədiyi halda postundan istefa verdi. Jurnalistlərin gələcək planları ilə bağlı sualını cavablandırarkən, istirahət etmək istədiyini söylədi. İvanişvili isə müsahibələrinin birində jurnalistlərə Qaribaşvilinin onu çox da dinləmədiyini etiraf etmişdi.

Bir neçə il o, siyasi arenadan yoxa çıxdı, lakin 2019-cu ilin mart ayında tərəfdaşlarının böhrandan çıxarmasına kömək etmək üçün hakim partiyaya qayıtdı. Qaribaşvilinin əsas vəzifəsi partiyadan məyus olmuş "Gürcü arzusu" tərəfdarlarının rəğbətini qazanmaq idi.

Qaribaşvili xeyriyyəçi və milyarder İvanişvili ilə çox gənc yaşlarında tanış olub. Onun xüsusi etibarını qazanaraq 23 yaşında "Kartu" xeyriyyə fonduna rəhbərlik etməyə başlayıb. O vaxtdan bəri həmişə İvanişvilinin yanında olub.
Oğul İvanişvili (reper Bera) İraklinin üçüncü oğlunun xaç atasıdır.

Qaribaşvili bu ilin fevral ayında Giorgi Qaxariyanın istefasından sonra ikinci dəfə Gürcüstanın baş naziri oldu.


Femida.az

Açar sözlər: #Gürcüstan   #Baş-nazir   #İstefa    

Oxunub: 338