“Topçubaşov Bakı küçələrində gəzərək qırğınların qarşısını almağa çalışırdı”


03:37     08 Yanvar 2016 Firdovsiyye.jpg

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovadır.


– Firdovsiyyə xanım, 1918-ci ilin mart-aprel hadisələri zamanı Zaqafqaziya Seymi hələ fəaliyyət göstərirdi. Seymi həmin hadisələrlə bağlı hansısa qərar qəbul etmişdimi?

– Zaqafaqaziya Seyminin müsəlman fraksiyasının iclaslarının keçirildiyi günlərdə baş verən hadisələr, 1918-ci ilin fevral ayında İrəvan quberniyasında, martda Bakıda törədilən qırğınlar haqqında məlumatlar çatdığı üçün geniş müzakirələr keçirilirdi. İlk müzakirələr də İrəvan quberniyasında baş vermiş müsəlmanların qırğını ilə bağlı olmuşdu. Zaqafqaziya Seyminin xüsusi iclasında bu hadisə haqqında müzakirələr aparıldı və rəqəmlər sadalandı, müsəlmanların qırğınının qarşısını almaq üçün tədbirlər görülməsinin vacibliyi seym qarşısında bir məsələ kimi müsəlman fraksiyası tərəfindən qaldırılmışdı. Ardınca isə artıq Bakı qırğınları mart ayının sonunda baş verdiyindən, may iclaslarında xüsusi olaraq Seymin müsəlman fraksiyasının iclaslarında bununla əlaqədar müzakirələr keçirildi. Qeyd edim ki, bu məlumatlar, bilgilər hələ Tiflisə, Seymin müsəlman fraksiyasının üzvlərinə kifayət qədər bəlli olmadığından, hadisələrlə əlaqədar bilgi almaq üçün bir heyət göndərildi. Həmin heyətin üzvlərindən biri də İbrahim Heydərov idi. Məlum olduğu kimi, İbrahim Heydərov Bakıda həbs olunmuşdu. Bir faktı da qeyd edim ki, Seymin müsəlman fraksiyasına ermənilər tərəfindən təklif irəli sürülmüşdü. Fətəli xan Xoyski iclasda bu təkliflə bağlı bildirmişdi ki, guya onlar Bakı hadisələrinin nəticələrinin aradan qaldırılmasına kömək edə bilərlər. Lakin şərt irəli sürmüşdülər ki, Bakı beynəlmiləl şəhər olmalıdır. Yəni müsəlmanların idarəçiliyi, hakimiyyəti altında olmamalıdır. Fətəli xan Xoyski göstərir ki, taktiki mülahizələr səbəbindən dərhal rədd cavabı verilməmişdi. Amma müsəlman fraksiyasının iclasında çıxış edənlər, o cümlədən Nəsib bəy Yusifbəyli bununla bağlı heç bir söhbətin ola bilməyəcəyini qeyd etmişdi. Yəni ki, Bakı birmənalı şəkildə müsəlmanların şəhəridir və ermənilər tərəfindən bu qırğınlar dərhal dayandırılmalı və onun fəsadlarının aradan qaldırılması yönündə iş görülməlidir. Biz müsəlman fraksiyasının iclaslarına nəzər salsaq, görərik ki, burada sədrlik Məhəmməd Əmin Rəsulzadə tərəfindən həyata keçirilirdi. Amma bir müddət qırğınlarla əlaqədar olaraq, M.Ə.Rəsulzadə sədrliyinə bir qədər fasilə vermişdi. Onun əvəzinə isə Məmməd Yusif Cəfərov sədrlik edirdi. Bu, onunla izah olunur ki, həmin dövrdə həm Türkiyə ilə bağlı danışıqlar gedirdi, həm də ki, bir çox yerlərdə baş verən qırğınlar, Bakı hadisələri ilə bağlı məsələləri aydınlaşdırmaq üçün nümayəndələr göndərilmişdi. Amma Seym müsəlman fraksiyasının qaldırdığı məsələ ilə bağlı bu fəsadları araşdırmaq və Şaumyanın genişlənən qırğınlarının qarşısını almaq üçün Maqalovun başçılığı altında bir hərbi hissə göndərmişdi. Amma bəlli olduğu kimi, onlar məğlubiyyətə uğradılar. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra isə İrəvanın güzəştə gedilməsi kimi taleyüklü məsələlərlə yanaşı, iclaslarda bu Maqalovun başçılığı ilə gedən hərbi hissədə bir gürcünün atının öldürülməsi və bununla bağlı dəyən ziyanın ödənilməsi məsələsi də qaldırılmışdı. Və bununla bağlı 1500 manat məbləğində pul ayrılmışdı. Amma bu məbləğ kifayət etmədiyindən, bu məsələ iclasda yenidən müzakirəyə çıxarılmışdı. Bu bir daha göstərir ki, müsəlmanlar kütləvi şəkildə qırğınlara məruz qalır, amma iclaslarda bir atın öldürülməsi üçün təzminat ayrılması tələb edilir. Çox sayda insanların məhv olmasına Seymin ali hakimiyyəti tərəfindən ciddi reaksiya verilmirdi.

– Bizim tarixşünaslıqda belə bir fikir var ki, 1918-ci ilin soyqırımı Bakı Kommunasının seçkilərdə Müsavatın qalibiyyətindən narahat olduğuna görə baş vermişdi…

-Bilirsiniz, ümumiyyətlə mütləqiyyət rejimi devrildikdən sonra rus imperiyasının hər tərəfində xalqlar öz müqəddəratları ilə bağlı nicat yolunu Rusiyada açılacaq Müəssislər Məclisindən gözləyirdi. Rusiyanın demokratik, federativ respublika quruluşunda bir dövlət olacağına və xalqların həmin dövlətin tərkibində federasiya şəkilində öz muxtariyyətlərini, müqəddəratlarını müəyyən edəcəklərinə inam böyük idi. 1917-ci ilin aprel ayında Qafqaz Müsəlmanları qurultayı, daha sonra Moskvada Rusiya Müsəlmanları qurultayı bu qərara gəldi ki, bütün xalqlara məhəlli muxtariyyət verilsin. Və bu zəmində Azərbaycanda muxtariyyət hərəkatı genişləndi. Təbii ki, Azərbaycan milli hərəkatının öncülü Müsavat partiyası sayılırdı. Müsavat həmçinin Azərbaycanda muxtariyyət hərəkatının geniş vüsət tapmasında da fəal rol oynayırdı. Eyni zamanda bir tərəfdən region beynəlxalq rəqabət meydanına çevrilmişdi, digər tərəfdən də Sovet Rusiyası bolşeviklər hakimiyyətə gələndən sonra müharibədən ilhaqsız, təminatsız çıxmışdı. Amma bu o demək deyil ki, Sovet Rusiyası keçmiş rus imperiyasının ərazisi ilə bağlı sərbəstlik vermişdi. Şaumyana Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar mandatı verilmişdi. O, Cənubi Qafqazda Sovet hakimiyyətinin qurulmasını təmin etməli idi. Şaumyana dekabrda verilən mandata qədər mərkəzdə bolşeviklər hakimiyyəti ələ keçirdilər, lakin yerlərdə Bakı Sovetinə keçirilən seçkilərdə, bolşeviklər dinc yolla, yəni normal seçki yolu ilə hakimiyyətə gələ bilmədilər. İstər Rusiya Müəssislər Məclisi, istər Bakı Şəhər Duması, istərsə də Bakı Sovetinə seçkilərdə milli qüvvələr daha çox səs topladılar. Bakının rus əhalisi, eyni zamanda hərbçilərin hesabına genişləndirilmiş bir iclasda bolşeviklər özlərinin tətbiq etdiyi seçki vasitəsi ilə üstünlüyü ələ ala bilmişdilər. Amma bu tam olaraq hakim-mütləq olmaq deyildi. Leninin verdiyi dekretden sonra Şaumyan artıq Tiflisdə oturmaqla Qafqazda sovet hakimiyyəti məsələlərini həyata keçirməli idi. Amma Tiflisdən qovulduqdan sonra yenidən Bakıya qayıtmalı oldu. Azərbaycanda muxtariyyət məsələsinin genişlənməsi, digər tərəfdən isə Müəssislər Məclisinin bolşeviklər tərəfindən qovulmasından sonra qərar verildi ki, Zaqafqaziyadan Müəssislər Məclisinə seçilmiş nümayəndələr ayrıca bir seym halında toplansınlar. Zaqafqaziya Seymi adlanan qurum mərkəzi bolşevik hakimiyyətini tanımadı. Belə bir şəraitdə Şaumyan anladı ki, artıq heç bir sivil və dinc yol ilə qarşısına qoyduğu məsələyə nail ola bilməyəcək. Azərbaycan muxtariyyətinin sosial bazası isə genişlənirdi. Belə olan təqdirdə yalnız güc yolu ilə hakimiyyətə yiyələnmək qalırdı. 1918-ci ilin Azərbaycanın qəzalarında törədilən qırğınların əsas səbəbi bunlar idi: milli hərəkatın tamamilə zərərsizləşdirilməsi, onun sosial bazadan məhrum edilməsi, yəni yerli əhalinin faktiki olaraq etnik cəhətdən təmizlənməsi. Qırğınların geniş miqyas alması üçün bolşeviklər özlərinin hərbi qüvvələrinin üstünlüyünü təmin etmək məqsədilə daşnaklarla, erməni milli şurası ilə ittifaqa getməli idi. Ermənilər öz niyyətlərini gerçəkləşdimək üçün müsəlman diktaturasındansa, bolşevik diktaturasına üstünlük verdilər. Bolşevik-daşnak iş birliyi kütləvi şəkildə dinc müsəlman əhalisinin qırılması ilə nəticələndi.

– Bəs müsəlmanlar müqavimət göstərmək iqtidarında deyildilərmi?

– Burada ilk növbədə qüvvələr nisbətinə nəzər salmaq lazımdır. Rusiyanın keçmiş müttəfiqləri olan İngiltərə və Fransa artıq Rusiya ərazisini, yəni keçmiş imperiya ərazisini öz aralarında nüfuz dairələrinə bölüşdürmüşdülər. Qafqaz Böyük Britaniyanın nüfuz dairəsinə düşdü. Dərhal general Denstervilin başçılığı altında hərbi ekspedisiya Bakıya göndərildi. İngilis qüvvələri yaza qədər gəlib çatmasalar da, yəni Cənubi Azərbaycanda qalsalar da, rəqabətdə çox iddialı bir tərəf idi. Rus eşelonları isə Qafqaz cəbhəsindən geri qayıdırdı və onların böyük əksəriyyəti erməni-xristian yaraqlıları idi və Bakıda cəmləşmişdilər. Qeyd edim ki, 1918-ci ilin yazında Bakı-Tiflis dəmir yolu iki ay müddətində bağlı qaldı. Bu müddət ərzində Bakıda külli miqdarda Azərbaycan milli hərəkatına, milli düşüncəsinə, mənafeyinə zidd və onun əleyhinə olan qüvvələr toplanmışdı. Həmçinin Şaumyanın rəhbərliyi altında olan Karqanovun başçılığı ilə qırmızı sovet hərbi qüvvələri burada idi. Və bu hərbi qüvvənin əksəriyyəti ermənilərdən ibarət idi. Bu qədər əli silahlı insanın Bakıda toplanması və onların Azərbaycan muxtariyyəti fikrinə zidd çıxmaları, qırğınlar zamanı müsəlmanları qırmaq baxımından eyni mövqedən çıxış etmələrinə gətirib çıxartdı. Bildiyimiz kimi, müsəlmanları etibarsız ünsür kimi çar ordusuna çağırmırdılar. Təbii ki, müsəlmanlar, milli hərəkatın nümayəndələri bu gedişatı görürdülər. Onlar artıq müsəlman hərbi hissələrinin təşkil olunmasına başlayırdılar. Zaqafqaziya komissarlığı müsəlmanların hərbi hissələrinin yaradılması tələbinə cavab olaraq, onlara Qafqaz cəbhəsindən gələn Rusiya eşelonlarını tərk-silah edərək, silahlarını alın, təklifini verdi. Belə çıxırdı ki, başda Gəncə Milli Şurası olmaqla dinc müsəlman mülki nümayəndələr əsgərləri tərki-silah edib, bu silahları götürməli idilər. Təbii ki, burada təxribat var idi. Belə ki, ermənilər əvvəlcədən ruslara, həmin silahların guya onlara qarşı çevriləcəyini bildirmişdilər. Tərki-silah prosesində rus eşelonları tərəfindən dəmir yolun Dəllər-Şamxor stansiyası arasındakı müsəlman kəndləri pulemyot atəşinə tutulmuşdu. Sonradan general Talışxanovun bolşeviklər tərəfindən həbs edilməsi də növbəti təxribat olmaqla yanaşı, müsəlman milli qüvvələrinin üzərinə hücuma başlandığını göstərirdi. Burada hümmətçi Nərimanovun müdaxiləsi ilə Talışxanov həbsdən azad edildi. Belə ki, təxribat orada baş tutmadı. Amma növbəti təxribata nail oldular. Müsəlman hərbi hissələrinin təşkilində öz istəyi, iradəsi ilə iştirak edən Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev faciəli surətdə həlak olmuşdu və onun nəşinin “Evelina” gəmisi ilə gətirilməsi təbii ki, müsəlman yaraqlıları tərəfindən müşayiət olunurdu. Bolşeviklər gəmidəki müsəlmanları tərki-silah etdilər. Tərki-silah zamanı Nərimanovun, Azərbaycan milli hərəkatının nümayəndələrinin müdaxiləsi ilə danışıqlar getdi. Danışıqlarda silahların qaytarılması tələb olunurdu. İlk danışıqda Şaumyan buna razılıq vermişdi. Nərimanov müsəlmanların əliyalın, silahsız olduqlarını və ani bir qarşıdurma zamanı onların qırılacağını və bunun da milli qırğın şəkli alacağını bildirmişdi. Az öncə qeyd etdiyim kimi, Zaqafqaziya Seyminin müsəlman fraksiyasında Azərbaycan milli hərəkatının ən görkəmli nümayəndələri iştirak edirdi. Onlar bu proseslərin gedişatında, hadisələrə müdaxilə edib, təsir etmək imkanları yox idi. Demək olar ki, müsəlmanların səbir kasası daşmışdı. Hər dəfə ermənilər, bolşeviklər tərəfindən onların milli heysiyyatına toxunması son həddə çatmışdı. Məşhur xeyriyyəçinin oğlunun nəşinin gətirilməsi zamanı nümayiş etdirilən hörmətsizlik və digər hadisələr ermənilərin, bolşeviklərin təxribatı idi. O zaman Şaumyan guya silahları qaytarmaq istəyib, lakin atılan ilk atəşdən istifadə edib. İlk atəşin kim tərəfindən atılması hələ də təsdiqlənməyib. Hərçənd bolşeviklərin iddiasına görə, ilk atəş müsəlmanlar tərəfindən atılıb. Şaumyan açıq-aşkar etiraf edir ki, ilk atəşdən istifadə edərək, bütün cəbhə boyu hücuma keçiblər. Və bunu şüurlu şəkildə ediblər. Dinc, sivil yol ilə hakimiyyəti təmin edə bilmədiklərindən, zor yolu ilə üç gün ərzində Bakıda dinc müsəlman əhalisini qırıb, həmin qırğınları Lənkəranda, Qubada, Kürdəmirdə, Şamaxıda amansızlıqla davam etdiriblər. Bu qırğın sinfi mübarizə deyildi. Sırf milli məzmunda müsəlmanlara, dinc yerli əhaliyə qarşı törədilmiş qırğın idi və onun qarşısını bolşeviklər ala bilərdilər. Qırğınların başlıca səbəbi Azərbaycan muxtariyyətinin gerçəkləşməsinin qarşısını almaq idi. Şaumyan bildirmişdi ki, əgər Azərbaycan muxtariyyəti gerçəkləşərsə, Bakı muxtariyyətin paytaxtı olar. Bu baxımdan qırğınların baş verməsi, bolşeviklər tərəfindən siyasi aksiya idi və erməni daşnakları da Ermənistan xülyasını həyata keçirmək üçün onlara dəstək verirdilər.

– Az öncə qeyd etdiniz ki, müsəlman liderləri Bakıda deyildilər. Bəs müsəlman partiyaları həmin dövrdə yəni mart-aprel hadisələri zamanı fəaliyyət göstərirdilərmi?

– Müsəlman partiyalarından bildiyiniz kimi, Zaqafqaziya Seymində Hümmət partiyası, sosialistlər, Müsavat partiyası və bitərəflər təmsil olunmuşdular. Bakıda da başçısı Nərimanov olmaqla Hümmət partiyası fəaliyyət göstərirdi. Azərbaycan milli hərəkatının aparıcı xadimlərindən biri olan Əlimərdan bəy Topçubaşov da həmin dövrdə Bakıda idi. Topçubaşov Bakı küçələrində gəzərək, qırğınların qarşısını almağa səy göstərirdi. Amma dediyim kimi artıq proses nəzarətdən çıxmışdı və qarşısını almaq qeyri-mümkün idi. Bu baxımdan Şaumyanın ən yaxın silahdaşı Caparidzeni mövqeyini qeyd etmək istərdim. Bildirim ki, Caparidze özü də müraciət edirdi ki, bu qırğınlar dayandırılsın. Şaumyanın sonrakı proseslərdəki mövqeyini qeyd etmək istərdim. Stalin tərəfindən ona teleqram göndərilmişdi ki, müsəlmanlar mərkəzi sovet hakimiyyətini tanıyacaqları təqdirdə, onlara muxtariyyət vəd edin. Caparidze Həştərxandan kömək gəldiyinə əsasən, müsəlmanlara muxtariyyət verilməsinin vəd oluna biləcəyini bildirirdi. Şaumyan isə bunu hətta deklerasiya şəkilində də müsəlmanlara bildirmədi. Qeyd etmək istərdim ki, o miqyaslı qırğının qarşısını almaq üçün Əlimərdan bəy Topçubaşov ultimatumu qəbul etməyə gedən heyətin rəhbəri idi. Ultimatum qəbul olunduqdan sonra belə böyük miqyaslı qırğınlar törədilmişdi. O dövrdə kömək üçün müraciət olunan yeganə dövlət isə Osmanlı dövləti idi. Həmin dövrdə istər Gəncədə, istər Şamaxıda ayrı-ayrı nümayəndə heyətləri Osmanlı dövlətinə yardım üçün müraciət etmişdilər. May ayında Nuru paşanın başçılığı ilə Gəncəyə bir hissə gəlmişdi və Şaumyan həmin turk qüvvələrinin qarşısını almaq üçün yürüş haqqında qərar verdi. Sonradan Şaumyanın oğlu Suren Şaumyan bunun yalnış addım olduğunu, Bakı Sovetinin müqəddaratında bu yalnış qərarın böyük rol oynadığını bildirmişdi. O baxımdan qırğınların qarşısını almaq üçün, müsəlman sol partiyalarının cəhdləri hec bir fayda vermədi. Onlar erməni hərbi hissələrinin buraxılmasına dair inqilabi müdafiə komitəsinin qərarının alınmasına nail olmuşdular, amma bu qırğınlardan üç gün sonra baş vermiş bir fakt idi. Müsavat partiyasının görkəmli nümayəndələri burada olmasa da amma ümumilikdə qüvvələr nisbəti müsəlmanların xeyrinə deyildi. Bu baxımdan müsəlmanların qarşısını almaq mümkün olmadı. Fakt budur ki, müsəlmanlar bu prosesdə müqavimət göstərmək iradəsində olmasalar da, bu niyyətdə idilər. Bu niyyətin qarşılığında isə kütləvi qırğınlarla qarşılaşdılar. Amma biz 1918-ci ilin yayında Bakı uğrunda gedən döyüşlərdə gördük ki, azərbaycanlılarda Osmanlı hərbi hissələri ilə bərabər vuruşublar. Hətta könüllü dəstələr də var idi. Fətəli xan Xoyskinin ifadəsi ilə desək, onlar 50 000 nəfər üzərində qələbə çalmağa nail oldular. Ona görə də bu qırğınlardan bir il sonra, Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetində “Unudulmamalı bir faciə” adlı məqalə ilə çıxış etmişdi. O göstərirdi ki, insanlar əqliyyatdan çox, hissiyata önəm verdilər. Bu bir təxribat, bolşeviklər üçün lazımlı bir akt idi. Amma bütün hallarda qarşıdurma qaçılmaz idi. Onun miqyasının belə geniş olmasına səbəb isə böyük silahlı qüvvələrin, Azərbaycanın maraqlarına, müsəlman maraqlarına zidd olan qüvvələrin eyni mövqeni paylaşması oldu. Vahid və bölünməz Rusiya tərəfdarı olan qüvvələr, menşeviklər, Sovet Rusiyasını qurmaq istəyən, Qafqazı Sovet Rusiyasının tərkibində görmək istəyən bolşeviklər, Böyük Ermənistan yaratmaq istəyində olan erməni milli şurası, Daşnaksütyun eyni mövqedən çıxış etmişdilər.

– Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin parlamentinin tərkibində daşnakların təmsil olunması bu hadisələr fonunda qəribə görünür. Həmin daşnaklar seçki yolu ilə seçilmişdilər, yoxsa təmsilçilik əsasında fəaliyyət göstərirdilər?

– Həmin daşnaklar parlamentin tam hüquqlu üzvləri idi. 1918-ci ildə Mudros müqaviləsinə əsasən Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti öz qoşunlarını Cənubi Qafqazdan çıxarmaq məcburiyyətində qalır. 16 noyabr 1918-ci ildə artıq qalib ingilis qüvvələri müttəfiq qoşunların komandanlığı adı ilə Bakıya daxil olur. Azərbaycan milli qüvvələri öz ordularını Bakıdan çıxarmalı idilər. Və gələn ingilis qüvvələri, başda general Tomson olmaqla Azərbaycan hökumətini tanımır, onu türklərin intriqasından yaranmış bir hakimiyyət hesab edir, Azərbaycan bayrağını bütün binalardan endirir və bu ərazini Rusiya dövlətinin parçası olaraq görürdülər. Belə bir situasiyada Azərbaycan hökuməti öz siyasətini ortaya qoyur, ingilislərlə əməkdaşlıq etməyə razılıq verir, ABŞ prezidenti Vilsona onun prinsiplərindən çıxış edərək, müraciət edirlər. Eyni zamanda sivil, hüquqi dövlət qurmaq yönündə aktiv fəaliyyətə başlayır. Hakimiyyətin legitimliyini təsdiqləmək üçün Azərbaycan Milli Şurası noyabrda yenidən bərpa edilir, noyabrın 20-də Azərbaycan parlamentinin açılması haqqında qanun qəbul olundu. Azərbaycan parlamenti bütün milli qüvvələrin, eyni zamanda siyasi qüvvələrin təmsilçiliyi ilə açılmalı idi. Azərbaycan parlamenti 120 nəfərdən ibarət olmalı, 80 nəfəri müsəlman olmaqla yanaşı, milli azlıqların da iştirakı təmin edilməli idi. Rusiya milli şurası və Erməni milli şurası, Daşnaksütyun Azərbaycan parlamentinin açılmasına bu şərtlər daxilində də imkan vermək istəmirdilər. Onlar general Tomsonu inandırmağa çalışırdılar ki, əvvəlcə koalision hökumət təşkil olunmalı, sonra isə parlament açılmalıdır. Fətəli xan Xoyski Tomsonla davamlı danışıqlarından sonra, onu inandıra bildi ki, demokratik, hüquqi dövlətlərdə hökumətlər parlamentdə formalaşır. Parlament tərəfindən təsdiqlənir və parlament qarşısında hesabat verir. Bütün bu danışıqlardan, həmin milli azlıqlar üçün yer ayrıldıqdan sonra, Tomson parlamentin açılmasına icazə verdi. Və beləliklə Azərbaycan parlamenti dekabrin 7-də açıldı. Ermənilər iki fraksiyada təmsil olunurdu. Mart qırğınından sonra ermənilərə parlamentdə bu yerlərin verilməsi ilk baxışda çox təzadlı görünürdü. Lakin Azərbaycan dövlətçiliyinin müqəddaratı baxımından, Azərbaycanın istiqlaliyyət aktında bəyan etdiyi prinsiplərə sadiqliyini nəzərə alaraq, onlara da yer verildi. Bir nüansı da qeyd etmək istərdim ki, Azərbaycan Milli Şurası bu parlament haqqında qanun qəbul edəndə, bildirdi ki, biz artıq milli muxtariyyət, milli dövlətçilik, yalnız Azərbaycan türkünün təmsil olunduğu dövlət deyil, bütün Azərbaycan ərazisində yaşayan xalqların iradəsini həyata keçirməli olan bir dövlət qururuq. Parlament də bu dövlətin ali qanunvericilik orqanıdır. Burada təmsilçiliyi parlamentdə düşmək üçün yetərli olmayan xalqların nümayəndəliyinə belə yer verilmişdir. Məsələn, yəhudilər, gürcülər, polyaklar, almanlara, eləcə də ruslara və ermənilərə. Onlara Azərbaycan koalision hökümətində nazir postu da verilmişdi. Qeyd edim ki, onlar parlamentdə çox fəal çıxışlar etsələr də, bunlar Azərbaycan dövlətçiliyinin maraqlarına söykənməyən çıxışlar idi. Lakin onların təxribatlı çıxışlarının qarşısı parlament üzvləri tərəfindən alınırdı. Azərbaycan Cümhuriyyətində hökumət və parlament səviyyəsində təmsil olunmaqlarına baxmayaraq, ayrıca nümayəndə heyəti kimi Paris konfransına yola düşmüşdülər. Qeyd edim ki, onlar iddialarında “Böyük Ermənistan” sərhədlərindən çıxış edirdilər. Həmin dövrdə yaranan Erməni Federasiyası kimi yaranan dövlət Ararat Respublikası oldu. Hətta milli hökumət İrəvan şəhərini siyasi mərkəz kimi onlara güzəştə getmişdi. Bunun qarşılığında isə onlar Qarabağın dağlıq hissəsinə iddialarından imtina etmişdilər. Bu fakt həm Batum danışıqlarında, həm də Avalovun xatirələrində də yer alıb. Həmçinin bizim siyasi sənədlər arxivində saxlanılan protokollarda da bu öz əksini tapıb. Bütün bunlara rəğmən, Azərbaycan və Ararat Respublikaları arasında diplomatik münasibətlər mövcud idi. Hər iki respublikada səfirliklər var idi. Bu səfirliklər arasında münasibətlər Azərbaycana qarşı Ermənistan Respublikasının təcavüzkar siyasətinin davam etdiyindən, demək olar ki, notalar mübadiləsi xarakterini daşıyıb. Tarixi sənədlər də göstərir ki, Ermənistanın təcavüzkar siyasəti dövlət səviyyəsində keçirilən siyasət idi. Ermənistan Qafqaz evinin yaradılmasına mane olurdu. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Azərbaycan milli hərəkatının aparıcı xadimləri Qafqaz konfederasiyasını, Cənubi Qafqazın təhlükəsizliyi baxımdan ən optimal model hesab edirdilər. Lakin Ermənistanın seperatçı mövqeyi nəticəsində nə həmin dövrdə konfederasiya baş tutdu, nə də mühacirətdə Qafqaz paktı imzalananda ermənilər burada iştirak etdilər. Azərbaycan Xalq Cümhuriyyətiisə 1920-ci ldə 23 aydan sonra bolşevik təcavüzü nəticəsində süqut etdi./1905.az/

Açar sözlər:

Oxunub: 2644


Oxşar xəbərlər