Zaqatalada çörək sexində nöqsanlar aşkarlanıb


11:59     18 Oktyabr 2021 21_10_18_1634542612.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Femida.az-a verilən məlumata görə, agentliyin Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən, Layıcova Könül Məhəmməd qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Açar sözlər:

Oxunub: 906