Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


14:41     19 Oktyabr 2021 21_10_19_1634640107.jpg

Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin yutub sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilən sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 341