"Yoluxma zəncirini qırmaq üçün əhalinin 80 faizi vaksinasiya olunmalıdır" - İnfeksionist


18:18     23 Oktyabr 2021 2021/10/44E1B8B8-9BAD-43FB-AF0F-4FA5C42266D5_1634998905.jpeg

Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır. İstər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır, xəstəliyə qarşı əmələ gəlmiş immunitet zəifləməyə başlayır.

Vaxt amilindən başqa burada yaş faktoru da var. Yaşlıların immuniteti daha zəif olur. Eyni zamanda müxtəlif xroniki xəstəlikləri olanlarda immunitetin ilkin olaraq əmələ gəlməsi, onun səviyyəsi və davam müddəti fərqli ola bilər. Sağlam insanla xəstənin peyvənddən sonra nəticələri eyni olmaya bilər. Biz bunu öz müşahidələrimizdə görürük.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib.O bildirib ki, risk qrupunda olanların - tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin müəyyən müddətdən sonra zəifləyən immunitetlərini daha yüksək səviyyəyə qaldırmaq üçün buster dozaya ehtiyac var:

"Dünyanın bir sıra ölkəsində, məsələn İsraildə üçüncü doza tətbiq edilir. Orada buster doza tətbiq etməklə həmin qruplar arasında ağır xəstələnmə hallarının nə qədər azaldığını görürük. Gücləndirici dozadan sonra əldə edilən immunitet 5-10 dəfəyə qədər güclənir. İstənilən halda peyvəndin qayəsi təkcə yoluxmamaq deyil, yoluxan zaman xəstəliyi ya simptomsuz ya da yüngül keçirməkdir. Ağır xəstələrin böyük əksəriyyəti məhz vaksin olunmayanlardır".

T.Eyvazov qeyd edib ki, COVID-19 infeksiyası ilə mübarizənin ən önəmli vasitəsi məhz peyvənddir. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir: “Doqquz milyon dozadan çox peyvənd vurulub. Vaksinasiyada 5 milyondan çox vətəndaş iştirak edib ki, onlardan 4 milyondan çoxu hər iki dozanı, bir milyona yaxını isə bir dozanı qəbul edib. Hazırda əhalinin təxminən 42-43 faizi hər iki dozanı vurdurub. Amma bu da tam yetərli deyil. Ona görə ki, “delta” ştamının hakim olduğu dövrdə vaksinasiya olunan insanların sayı təxminən 80-82 faiz olmalıdır ki, infeksiyaya həssaslıq azalsın və yoluxma zənciri qırılsın. Biz MDB-də vaksinasiya sayına görə qabaqda olsaq da, digər aparıcı ölkələr arasında müəyyən qədər aşağı yerlərdəyik. Elə ölkələr var ki, 100 nəfərə vurulan dozaların sayı 100-150-dən çoxdur və orada epidemioloji vəziyyəti idarə etmək daha da asanlaşıb”.

Ekspert-mütəxəssis 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə münasibət bildirib: “12-15 yaşlı yeniyetmələrin vaksinasiyası məsələsinə dair fikirlər birmənalı deyil. Bəzi ölkələr həmin yaşda uşaqları ucdantutma vaksinasiyadan keçirirlər, bəziləri isə gözləmə mövqeyi tutublar. ÜST-nin mövqeyi bundan ibarətdir ki, digər yaşlı əhali qrupları peyvənd olunub qurtarıbsa, ilk növbədə risk qrupuna daxil olan uşaqlar vaksinasiyadan keçirilməlidir. Səhiyyə Nazirliyi bu məsələni mütəxəssislərlə araşdıraraq belə bir tövsiyə verib ki, xüsusilə xroniki xəstəliyi olan uşaqlar valideynlərinin razılığı və müraciəti əsasında peyvənd oluna bilərlər. Burada məcburiyyət və qadağa düzgün deyil. Proses hər iki valideynin razılığı ilə könüllü aparılmalıdır”.

Femida.az

Açar sözlər: #Koronavirus   #Vaksinasiya    

Oxunub: 546