Ağdamda humanitar vəziyyətin monitorinqi aparılıb


18:49     26 Oktyabr 2021 2021/10/CA57D3FA-F6A3-4C69-AA06-453E4D288E2C_1635260046.png

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da işğaldan azad edilmiş Ağdam şəhərində olub.

Femida.az xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə humanitar vəziyyətin monitorinqini həyata keçirməkdir. Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə də ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyeva jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkənizə səfər etmişik. İki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Bizə şərait yaradıldı, işğaldan azad edilmiş əraziləri görə bildik. Burada gördüklərimiz çox qorxuncdur. Hər tərəf dağıdılıb”.

Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası rəhbərinin müavini Baki Hüseynov isə bildirib ki, imzalanan Anlaşma Memorandumu insan hüquqları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək. “Burada gördüklərimiz çox təsirlidir. Bu bizə imkan verir ki, insan hüquqlarının müdafiəsi sahəsində daha səylə fəaliyyət göstərək”, - deyə o qeyd edib.


Femida.az

Açar sözlər: #Ağdam    

Oxunub: 320