Müharibənin 41-ci günü: Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb


10:45     06 Noyabr 2021 2021/11/EA485CBF-95B6-4334-99FC-36C3F9B5C087_1636188409.png

"Rossiya 1" telekanalında erməni mənşəli məşhur rusiyalı kinorejissor Karen Şahnazarov erməni qəsbkarlara öldürcü zərbə endirən bəyanatla çıxış etdi. Dağlıq Qarabağın heç vaxt Ermənistana məxsus olmadığını bildirən Karen Şahnazarov münaqişəsinin ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə toxunduğunu dedi: “Ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalın əbədi davam edə biləcəyi barədə illüziya Ermənistan rəhbərliyini aldadıb”. Kinorejissor onu da əlavə etdi ki, gec və ya tez azərbaycanlıların ərazi bütövlüyünü bərpa edəcəyi gözlənilən idi.

Şəcərəsi vaxtilə Azərbaycana köçürülmüş ermənilərə gedib çıxan Karen Şahnazarovun atası Georgi Şahnazarov ifrat ermənipərəst mövqeli Mixail Qorbaçovun köməkçisi işləyib. Maraqlıdır ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına skeptik yanaşan G.Şahnazarovla müqayisədə M.Qorbaçov ən qəddar erməni daşnaklarından daha çox erməni olduğunu sübut etməyə çalışırdı. Təsadüfi deyil ki, K.Şahnazarovun Dağlıq Qarabağın mənsubluğu barədə bəyanatından sonra ona qarşı səsləndirilən təhqirlər və təhdidlər kampaniyasında ermənilər kinorejissora atasının da vaxtilə “azərbaycanpərəst” mövqe tutduğunu xatırlatdılar.

Onların işğalçılıq siyasətinə qarşı çıxanları daim təhdid etmək ənənəsinə sadiq qalan erməniçilik ideoloqları Rusiyanın tanınmış ictimai-siyasi xadimləri - hərbi ekspert, “Voennoye obozreniye” jurnalının baş redaktoru İqor Korotçenkonu və tanınmış jurnalist Maksim Şevçenkonu da hədələdilər. Amma ermənilərin bütün təhdidlərinə baxmayaraq, Azərbaycanın haqq işini müdafiə edənlərin heç biri öz mövqeyindən geri çəkilmədi. Çünki onlar həqiqətən də Azərbaycanın gec-tez işğalçıları öz torpaqlarından qovub çıxaracağına inanırdılar.

Müharibənin 41-ci günü düşmənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində şəxsi heyət və texnika sarıdan itkilər verərək geri çəkilməsi məhz bu həqiqətin təzahürü idi. Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yarandı.
Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb oldu.

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə düşmən mövqeləri ataraq qaçdı. Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmadı.

Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin Azərbaycana əsir düşmüş pastoru Hovsep Saakyan Araratoviçlə Yeddinci Günün Adventistlərinin Dua Evində görüş keçirildi. Həmin görüşdə Hovsep Saakyan ermənilərə “Silahı yerə qoyun!” çağırışını etdi.

Bir sıra mənbələr 2020-ci il iyulun sonlarında Ermənistanla PKK arasında bağlanmış gizli saziş çərçivəsində İrəvanın Yaxın Şərqin müxtəlif ölkələrindən döyüşmək üçün Qarabağa 300 yaraqlı gətirdiyi barədə məlumat yaydılar.
Amma bütün ciddi-cəhdlərə rəğmən, məğlub olduqlarını tam mənada dərk edən erməni hərbçiləri və yaraqlıları olan-qalan silah-sursatlarını şəxsi “qənimət” kimi Dağlıq Qarabağdan Ermənistana daşıyırıdlar.

İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk öz “Tvitter” hesabında “Şuşa 1992-ci ildə itiriləndən bəri azərbaycanlıların arzusu idi. Bunun simvolik mənası onlar üçün çox böyükdür. İlk mesaj - intiqam deyil, barışıq və birlikdir: "Azərbaycan birgəyaşayışın necə olduğunu bilir və buna hər kəsi haqlı qalib olduğuna inandıraraq nail olacaq” sözlərini yazdı.

Bəli, Azərbaycanda və xalqımızın dostları arasında artıq heç kəs Şuşa adlı incimizin çox tezliklə Silahlı Qüvvələrimiz tərəfindən azad olunacağına şübhə etmirdi.


Femida.az

Açar sözlər: #Qarabağ   #Şahnazarov    

Oxunub: 757