BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
11:43 19 Noyabr 2021
Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, qətnaməyə 126 BMT üzvü dövləti həm-müəllif qismində qoşulub. Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır.
COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.
Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur.
BMT Baş Katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır. Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olub.
Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək qətnamə layihəsinə dəstək verən və ona həm-müəlliflik edən bütün dövlətlərə öz minnətdarlığını bildirir.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb