Azərbaycanda yeni komando hərbi hissəsi yaradılıb


11:38     26 Noyabr 2021 2021/11/247F752F-483C-409E-B71C-F0B58D30CAE1_1637912563.png

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.



Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb. Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.



Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”nı qəbul edib.



Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.



General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib. Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib. Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.









Femida.az

Açar sözlər: #MN   #Ordu    

Oxunub: 724