“Google” Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib


09:47     30 Noyabr 2021 2021/11/AD88C5E8-4413-43B0-A369-B4D75A983511_1638255500.png

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr edilib.

Femida.az xəbər verir ki, axtarış sistemi alimə həsr olunmuş “dudl” təqdim edib. Sistemin istifadəçiləri “dudl”u klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.

Qeyd edək ki, bu gün internet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, istifadəçilərin çox hissəsi “Google”a üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı “Google” serverinə müraciət edir.
“Google”un “dudl”ları dünyada baş verən maraqlı hadisələr, ənənəvi günlər, bayramlarla əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və sairləridir.

Axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə məxsusdur. Sistem 8 milyarddan çox veb-səhifəni indeksasiya edir. Eyni zamanda, 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. “Google” eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və sair formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.

“Google” Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki “google.com” domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib.
Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində doğulub.

O, bir çox xarici ölkə akademiyalarının üzvü olub. Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri xiyabanda dəfn edilib.


Femida.az

Açar sözlər: #Google   #Lütfizadə    

Oxunub: 295