“ƏDV geri al”dan istifadə edənlərin nəzərinə - Dəyişikliklər ediləcək


12:01     06 Dekabr 2021 21_12_06_1638774152.jpg

Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq.

Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.

"ƏDV geri al” layihəsi çərçivəsində növbəti aydan tətbiq ediləcək dəyişikliklər ilə bağlı müraciətlər ilə bağlı qeyd etmək istərdik ki, "Vergi Məcəlləsi”nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub”, deyə deputat bildirib.

O əlavə edib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu:

"Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək”.

Açar sözlər:

Oxunub: 411