Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb


20:47     22 Dekabr 2021 21_12_22_1640190383.jpg

Sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar.sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalanıb.

Belə ki, müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaqdır.

Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.

Artıq heyvanlarla bağlı yaş məsələsi də dəyişir və bir il tələbi 11 günə salınır. Bu halda 11 gün və yeddi yaş aralığında olan heyvanlar sığortalanacaq: iribuynuzlu mal-qara südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər və xırdabuynuzlu heyvanlar 11-ci gündən 5 yaşa qədər.

Qərara əsasən, aqrar sığorta məhsulunun şərtlərində qeyd olunan əmsallar tətbiq edilərək aşağıdakı intervallarda tarif dərəcələri müəyyən edilir:

- buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - 0,7-10 %;

- pambıq, sarımsaq, soğan, zeytun, kələm - 1-10 %;

yonca, noxud, yaşıl noxud, xurma, yemiş (qovun), pomidor - 1-15 %;

- alça, albalı, alma, armud, gavalı, gilas - 3-20 %;

- şəkər çuğunduru, kartof, soya, nar, darı - 0,5-10 %;

- tütün və çay - 0,3-10 %;

- yemlik qarğıdalı (silos), günəbaxan - 0,3- 5 %;

- çiyələk, şaftalı - 2-20 %;

- heyva, qoz, qarpız - 2-15 %;

- üzüm, fındıq, badam - 0,5 -20 %;

- portağal, limon, naringi, ərik - 0,5 -30 %.

Bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə sığortalanma zamanı yuxarıdakı tarif dərəcələrinə 55 %-ədək, şaxtavurma (donvurma) riski üzrə 40 %-ədək əlavə nəzərdə tutulur

Qeyd edək ki, ilk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.

Açar sözlər:

Oxunub: 695