Hüquq müdafiəçiləri Nurayın müdafiəsinə qalxdı - Nuray xalasına qaytarıldı +VİDEO


15:38     07 Yanvar 2017 nuray2.jpg

Sosial şəbəkələrdə 10 yaşlı Nurayın Quba məhkəməsində xalasından zorla alındığını əks etdirən görüntülər yayılıb. Qeyd olunan video cəmiyyətdə böyük narahatlığa səbəb olub.


Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. 10 yaşlı uşağın bu yolla atasına verilməsi onun hansı hüquqlarını pozur?






Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran hüquqşünas Nicat Gözəlov hesab edir ki, görüntülərdə hər üç tərəfin uşağa qarşı zorakılığı əks olunub.

“Birinci ondan başlayım ki, azyaşlı uşağın görüntülərinin açıq-aşkar yayılması xoşagələn hal deyil. Biz məsələnin detallarını tam bilmirik. Ancaq yayılan video ilə bağlı onu deyə bilərəm ki, burada azyaşlı qıza qarşı həm fiziki, həm də mənəvi zorakılıq var.
İcra məmuru məhkəmə qərarını yerinə yetirməlidir. Amma uşaqlarla bağlı məsələdə gözləmək lazımdır. Hesab edirəm ki, onlar da tələskənliyə yol veriblər.”

Bəs, 10 yaşında qızın hansı hüquqları var?

Ailə Qanunvericiliyində qeyd olunur ki, 10 yaşı tamam olmuş uşağın fikrinin məhkəmədə dinlənilməsi məcburidir. Məhkəmnin çıxardığı qətnamə ilə tanış olmadığım üçün çox detalları bilmirəm. Məhkəmə qətnaməsinin icrası ilə bağlı uşağın imtina etmək hüququ yoxdur. Ancaq hər bir vətəndaşın məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüququ var. Onlar da bu hüquqlarından istifadə edə bilər.

Mövzu ilə bağlı “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Femida.az-a açıqlama verib. Hüquq müdafiəşisinin sözlərinə görə, burada məhkəmə icraçıları kobudluğa yol verib.






“Videodan göründüyü kimi ata, uşağın marağından çox öz marağını güdür. Orada uşağa qarşı həssaslıq göstərilməli olduğu halda bu baş verməyib. Amma icraçılar kifayət qədər uşaqla davranışda və münasibətdə ciddi nöqsanlara yol verib. Bu bir daha sübut edir ki, məhkəmə icraçıları kifayət qədər belə hallarda peşəkar deyillər. Maraqlı olan bir cəhət də odur ki, uşaqla bağlı məsələdə icraçılar məhkəmə qərarını icra etməyə tələsirlər. Ancaq praktikada hallar müşahidə olunur ki, uşağa aliment ödəməli olan ata bunu illərlə yubadır. Çox vaxt həmin atalara qarşı qərarın yerinə yetirilməsi üçün heç belə zor tətbiq edilmir. İstənilən halda bu görüntülər pislənilir. Məhkəmə qərarının zorakılıqla icra edilməsi yolverilməzdir.

Məsələ ilə bağlı vəkil Adəm Məmmədov da münasibət bildirib. Onun fikrincə icra məmurlarının qətnaməni bu formada icra etməsi onların qeyri-peşəkar olmasından xəbər verir.




“Quba rayon icra şöbəsinin icra məmurlarının məhkəmə qətnaməsini bu formada icra etməsi, onların qeyri-peşəkar olmasından xəbər verir. Uşaqların alınıb-verilməsi ilə bağlı məhkəmə qərarlarının icrası digər icra sənədlərindən fərqli olaraq çox həssas yanaşılmalı və həyata keçrilməlidir. Qanunvericiliyə görə, uşaqlarla bağlı qərarın icrası zamanı mübahisə yaranarsa, pisxoloqun iştirakı zəruridir. Nuray adlı 10 yaşlı uşağa, qətnamənin icrası ilə əlaqədar icra məmurları tərəfindən bu cür davranılması insanlığa və məmura yaraşmayan bir hərəkətdir.”


Hüquqşünas Ruslan Vəliyevin fikrincə, məhkəmə uşağı xalasından (əmisindən) alıb valideynə verməyə haqlıdır.





Qanunvericilikdə uşağın valideynləri ilə yaşaması nəzərdə tutulmuşdur, xalası, əmisi v.s. qohumları ilə yox (əgər həmin şəxslərə övladlığa verilməyib). Belə olan təqdirdə məhkəmə uşağı xalasından (əmisindən) alıb valideynə verməyə haqlıdır. Digər bir tərəfdən Ailə Məcəlləsinin 64, 68 və digər maddələrində uşağın hətta ansından alınıb atasına (və ya əksinə) verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 72-ci maddəsinə görə uşağın həyatı və sağlamlığına təhlükə olduqda Məhkəmə uşağı valideynlərdən alıb, dövlət müəssisəsinə yerləşdirməlidir. İşin detalları ilə tanış olmasam da, təcrübəmə əsaslanaraq qeyd etmək istəyirəm, uşağın xalasından alınıb atasına verilməsində heş bir qanunpozuntusu yoxdur (əgər subuta yetirilməzsə ki, uşağın atasında qalması onun həyat və sağlamlığı üçün təhlükəlidir).


Qeyd edək ki, 10 yaşlı Nurayın anası 2009-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Anasının ölümündən 1 il əvvəl isə cütlük rəsmən boşanıb. Onun tərbiyəsi ilə xalası Mehriban xanım məşğul olub. Əldə etdiyimiz məlumata görə, Nuray hazırda xalasının yanındadır.





Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 47669