Sosial yardım almaq istəyənlər oxusun – HÜQUQİ ŞƏRH


19:03     13 Yanvar 2017 sosial%20yardim4.jpg

“Müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər”.


Bu sözləri Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Məhərrəməli Həmidov bildirdi ki, bu yardımın alınması üçün aşağıdakı səbəblər olmalıdır:

“Ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması kimi hallarda ailələr sosial yardım ala bilər”.

Hüquqşünas sosial yardım almaq üçün aşağıdakı prosedura əməl etməlidir:

“Ailəni təmsil edən şəxs sosial yardımın alınması üçün elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə göndərməlidir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul etməlidir”.

Məhərrəməli Həmidov qeyd etdi ki, sosial yardım təyin edilərkən, ailənin tərkibində göstərilən tam dövlət təminatında olan şəxslər, müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər və Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları ailə üzvləri kimi nəzərə alınmır.



Hüquqşünas onu bildirdi ki, aşağıdakı hallarda sosial yardım təyin olunmasından imtina edilir:

“Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda, ailənin əmək qabiliyyətli, işləməyən üzvü təklif olunmuş iki münasib işdən imtina etdikdə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir”.


Məhərrəməli Həmidov vurğuladı ki, sosial yardım ailənin hər bir üzvünə 105 manat məbləğində müəyyən edilir və həmin məbləğ ailə üzvlərinin sayına görə hesablandıqdan sonra, ümumi məbləğdən ailənin gəlirləri hesablanıb çıxılır:

“Qalan məbləğ isə, sosial yardım kimi ailəyə təyin edilir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği və torpaq payları üzrə gəlirlər hesablanıb nəzərə alınır”.

Hüquqşünas sonda əlavə etdi ki, sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 23070