Övlad əvvəl valideynin borcunu ödəməlidir - Hüquqi ŞƏRH


18:49     16 Yanvar 2017 14786300934582.jpg

“Hamımız çox yaxşı bilirik ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Amma onu da bilməliyik ki, eyni öhdəliklər bəzən valideynlərin qarşısında uşaqların da üzərinə qoyula bilər. Yəni ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar”.


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Məhərrəməli Həmidov bildirdi ki, övlad konstitusiyadan irəli gələn öhdəlikləri yerinə yetirmədiyi təqdirdə valideyn ona qarşı məhkəmədə iddia qaldırmaq hüququna sahibdir:

“Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V-ci hissəsində də göstərilir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Övladlar əgər bu öhdəliklərini yerinə yetirməzsə, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər yetkinlik yaşına çatmış övladlarına qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Bu zaman övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında əlavə xərclərin çəkilməsinə də cəlb edilə bilərlər”.

Hüquqşünas bildirdi ki, əgər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərin yaşayış sahəsi olmazsa, övladlar valideynlərinə öz mənzilindən yaşayış sahəsi verməlidir.

“Əks təqdirdə, valideynlər övladlarına qarşı mənzildən istifadə hüququnun tanınmasını məhkəmə qaydasında tələb edə bilərlər”, - deyə Məhərrəməli Həmidov əlavə edib.



Hüquqşünas onu da qeyd etdi ki, övladlar ölən valideynin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Borcun mirasdan çox olmamaq şərtilə, valideynlərin öhdəliklərini yerinə yetirməlidir. Bu zaman övladların özlərinin də borcları olarsa, birinci növbədə valideynin olan borclarını ödəməlidir.

Məhərrəməli Həmidov sonda bildirdi ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6113