Özəl klinikalarla müqavilə bağlayarkən diqqətli olun! - ARAŞDIRMA


16:25     28 Mart 2017 iStock_000021074875_Large.jpg

Beynəlxalq təcrübəyə görə, xəstə əməliyyatdan əvvəl əməliyyat riskləri ilə bağlı müfəssəl məlumat almalı, bütün bu məlumatlar isə pasiyentlə tibb klinikası arasında bağlanan müqavilədə öz əksini tapmalıdır. Bu müqavilə ilə hər iki tərəf öz üzərinə qanunla nəzərdə tutulmuş öhdəliklər götürür. Bu öhdəliklər müəyyən olunarkən isə heç bir tərəfin hüquq və mənafeləri pozulmamalıdır.


Lakin reallıq ondan ibarətdir ki, bəzi klinikalarda xəstə ilə tibb müəssisəsi arasında bağlanan müqavilə birtərəfli qaydada tərtib olunur və birincinin maraqlarına xidmət edir. Yəni sənəddə pasiyentin hüquqları barədə heç bir müddəa olmur və baş verə biləcək bütün xoşagəlməz hadisələrin məsuliyyəti xəstənin üzərinin qoyulur. Bir çox pasiyentlər onlara təqdim olunan sənədlərə oxumadan qol çəkdiklərinə görə əməliyyatın ardından ciddi mübahisələr yaranır. Elə olur ki, bu cür mübahisələr tərəflər arasında məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Lakin məhkəmə müqavilə sənədlərində öz əksini tapmış məlumatlara istinad etdiyinə görə sonda uduzan tərəf elə pasiyentin özü olur.

Qeyd etmək yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında müqavilə qaydaları ilə bağlı məlumat yerləşdirilib.

Bəs, xəstələr aldanmamaq üçün müqavilə bağlayarkən nələrə diqqət yetirməlidir?

Tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, həkimlə pasiyent arasında müqavilənin bağlanması bütün klinikalarda şərt deyil:

“Çünki müqavilənin qarantı kimi icbari tibb siğortası çıxış edir. Bu, həm də dövlət qarantı sayılır. Lakin özəl klinikalarda pasiyentlər böyük miqdarda vəsait ödədiklərinə görə onlar üçün əlavə təminatlar müəyyən oluna bilər. Bu halda isə həm beynəlxalq normativlər, həm də ölkədaxili situasiya nəzərə alınmalıdır. Hər bir ölkədə həkim etikası kodeksləri var. Bu, həkimlə xəstə, yaxud da tibbi personalı arasındakı münasibətləri tənzimləyən qanunverici aktdır. Pasiyentə onun xəstəliyi ətraflı şəkildə izah olunmalıdır. Əməliyyatın risqləri, nəticələri haqqında əvvəlcədən ya xəstəyə, ya da onun yaxınlarına məlumat verilməlidir. Bütün bunlar isə müqavilədə öz əksini tapmalıdır. Müqavilə bir hüquqi sənəddir və məhkəmə çəkişməsi zamanı ona istinad olunacaq. Buna görə də pasiyent müqavilənin şərtləri, detalları ilə tanış olmalıdır ki, sonradan peşman olmasın”.



Adil Qeybulla qeyd etdi ki, müqavilələr demək olar ki, şablon variantdadır.

“Sadəcə olaraq, bir sıra xüsusi əməliyyatlarda şərtlər dəyişə bilər. Məsələn ürək əməliyyatları, orqan transplantasiyası və s. bu kimi əməliyyatlarda risk əmsalı yüksək olduğuna görə müqavilənin şərtlərində dəyişikliklər olar”, - deyə o bildirdi.

Hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, bu barədə qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir:

“Bütün hallarda müqavilələrin bağlanmasında əsas şərtlərdən biri tərəflərin azadlığı prinsipidir. İstənilən müqavilələrdə tərəflərin qarşılıqlı hüquq və vəzifələri aydın şəkildə qeyd olunmalıdır. Əgər tərəflərdən biri özünün dominantlığından istifadə edib qarşı tərəfə öz şərtlərini diktə etməyə çalışsa, bu müqavilə imzalandığı andan etibarsız sayılmalıdır. Adətən pasiyent müqavilə imzalayarkən çox uğursuz vəziyyətdə olur. Çünki o, müalicə olunmalıdır. Belə olduğu təqdirdə isə klinika özünün həm qiymətlə bağlı, həm də funksionallıqla bağlı şərtlərini pasiyentə qəbul etdirməyə çalışır. Nəticədə pasiyent özü üçün əlverişli olmayan müqaviləni imzalamaq məcburiyyətində qalır. Hər şeydən əvvəl hesab edirəm ki, bütün bu hallara nəzarət etmək üçün Səhiyyə Nazirliyinin müvafiq qurumu olmalıdır və bu qurum pasiyentlə klinikalar arasında bağlanan müqavilələri daima diqqətdə saxlamalıdır. Eyni zamanda bizdə bir çox xəstəliklərin müalicəsi ilə bağlı protokollar sona qədər işlənməyib. Bu protokollarda hansısa xəstəliyin müalicəsinin aparılması üsulları, müalicə nə qədər vaxt davam etməlidir və s. öz əksini tapır. Hesab edirəm nümunəvi müqavilə formaları işlənib hazırlanmalı və klinikaların internet saytlarında yerləşdirilməlidir. Belə olduğu təqdirdə, pasiyent klinikaya daxil olduğu andan müqavilə şərtləri ilə ətraflı tanış olmuş olur. Bir sözlə kompleks tədbirlər görülməlidir. Ən əsası qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.



Hüquqşünas onu da bildirdi ki, bu sahədə məhkəmə ümumiləşdirmələri də aparılmalıdır:

“İstənilən müqavilənin etibarlı olub, olmadığını məhkəmədə mübahisələndirmək mümkündür. Bəzən elə hallar olur ki, məhkəmələr klinikaların xeyirinə qərarlar qəbul edir. Ona görə də hesab edirəm ki, məhkəmə praktikasının da ümumiləşdirilməsinə ciddi ehtiyac vardır. Yaxşı olar ki, Ali Məhkəmə bu kimi hallarla bağlı qərarları ümumiləşdirsin, görək, vəziyyət hansı səviyyədədir. Yəni məhkəmə mübahisələrinin neçəsi klinikanın, neçəsi pasiyentin xeyirinə həll olunub, bu, müəyyən olunmalıdır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3657