“ASAN xidmət” Brüsseldə təqdim olundu - FOTOLAR


20:45     03 Aprel 2015 asanbrussel%20(4).jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib.


Təmsilçilərimiz `Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər` mövzusunda konfransa qatılıblar. Tədbirdə elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti müzakirə edilib. 

Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel vətəndaşlara xidmət və elektron hökümət sahəsində dövlət strukturlarının fəaliyyətindən, Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. 

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov isə ölkəmizdə elektron hökumət sahəsində görülən tədbirlərdən, “ASAN xidmət” modelindən və Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən danışıb.

Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabat təqdim olunub. 

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib. 

Daha sonra "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun əsas hədəfi biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. 

Tədbirdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi fikri dəstəklənib.

Tədbirdə həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının nümayəndələri, Federal İnformasiya-kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Brüssel ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.


Femida.az 

Açar sözlər:

Oxunub: 854