Pensiyaların verilməsində gecikmə yaranıb? - Rəsmi açıqlama


21:48     18 Fevral 2018 18_02_18_1518958381.jpg

“Hazırda fevral ayının əmək pensiyalarının yanvar və fevral aylarındakı artımlarla birgə ödənilməsi prosesi normal qaydada həyata keçirilir, bu sahədə heç bir problem, çətinlik də müşahidə olunmur”

Femida.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev son günlər sosial şəbəkələrdə təqaüdlərin verilməməsi ilə bağlı yayılmış xəbərlərə münasibətində bildirib.

Şöbə müdiri qeyd edib ki, bununla belə, cılız siyasi ambisiyaları ilə ortalığı qarışdırmaq mərəzinə mübtəla olanlar indi də guya “bankomatlar qarşısında sıxlığın və pensiyaların verilməsində maliyyə probleminin olması” kimi heç bir əsası olmayan informasiyanı ortaya atıblar. Bunun kökündə isə son günlər pensiyaların artırılması kimi sosial müdafiə sahəsində həyata keçirilən növbəti mühüm tədbiri gözdən salmağa yönələn mənasız cəhdlər dayanır.

“Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamının icrası olaraq, əmək pensiyalarının ümumi məbləğinin ötən ilin orta aylıq əmək haqqının illik artım tempinə uyğun olaraq, cari il yanvarın 1-dən 5,7 faiz artırılması işləri qısa müddətdə başa çatdırılıb. Geniş bir əhali kateqoriyasının, yəni həm Sərəncamın şamil olunduğu 1 milyon 236 min nəfər pensiyaçının hər birinin pensiyası, həm də fərdi uçot sistemindəki 3 566 745 nəfər sığortaolunanın fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalı üzrə indeksləşdirilmə əsasında müvafiq artımın edilməsi üçün dəqiqləşdirmə və hesablamaların aparılması müəyyən vaxt tələb edirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu avtomatlaşdırılmış sistemin köməyi ilə bu işləri cəmi iki günə yekunlaşdırdı. Beləliklə də pensiyaların ödənişində hansısa ciddi gecikmə halı özünü göstərmədi və əvvəlcədən də elan olunduğu kimi fevarlın 13-ü deyil, fevralın 15-dən ölkədə pensiyaların ödənişi həyata keçirilir. Artıq Bakı, Naxçıvan, Abşeron və Sumqaytda pensiyaların maliyyələşməsi tam yekunlaşıb” , deyə E.Babayev bildirib.
Femida.az

Açar sözlər: #pensiya   #sosial  

Oxunub: 1578