Azərbaycan Rusiyaya təşəkkür etdi - XİN


18:04     04 Aprel 2015 az-rus1.jpg

Azərbaycan Rusiyaya azərbaycanlıların Yəməndən təxliyəsində göstərdiyi dəstəyə görə təşəkkür edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib.


O, qeyd edib: "Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik. Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik".

H.Hacıyev bildirib ki, növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir: "Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik".

Onun sözlərinə görə, ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var: "Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib".

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirməni davam etdirir: "Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir".

Femida.az

Açar sözlər:

Oxunub: 819