Səlim Müslümov Misir səfiri ilə görüşüb


15:01     29 Mart 2018 2018/03/eesmn-(1)_1522306974.jpg

Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, bunu nazir Səlim Müslümov Misir səfiri Adel İbrahimlə nazirlikdə keçirilən tanışlıq görüşündə vurğulayıb.

S.Müslümov bildirib ki, Azərbaycanda qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan islahatlar müsbət demoqrafik vəziyyətin mövcud olduğu ölkəmizdə daim artan əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə də imkan verib. Ümumilikdə Azərbaycanda iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda saxlanılır və məşğul əhalinin artım tempinin iqtisadi fəal əhalinin artım tempindən yüksək olması da bunu göstərir.

Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əhalinin özünü məşğulluğun dəstəklənməsi sahəsində görülən işləri diqqətə çatdıran nazir, eyni zamanda, bu gün işçi qüvvəsinin iqtisadi inkişafa uyğun əmək bacarıqlarının artırılmasının əmək bazarında müsbət meyllərin stimullaşdırılması baxımından əhəmiyyətini qeyd edib, bu sahədə aparılan işləri diqqətə çatdırıb. Nazir Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılan avtomatlaşdırılmış sistemlər barədə də səfiri məlumatlandırıb.

S.Müslümov digər bir sıra İslam ölkələri kimi, Misir ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib. O, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Misir arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. Nazir, eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, aktiv məşğulluq tədbirlərinin təşkili, işçi qüvvəsinin əmək bacarıqlarının artırılması, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu da diqqətə çatdırıb.

A.İbrahim ölkəsi ilə Azərbaycan arasında dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb, əmək və sosial müdafiə sahəsində də bu əlaqələrin formalaşması və inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini bildirib. Səfir bu sahədə öz səylərini göstərəcəyini qeyd edib.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 735