İngilis səfirini 300 minə satan agent – KƏŞFİYYAT TARİXİ


19:43     28 Aprel 2018 18_04_28_1524908750.jpg

İkinci Dünya müharibəsi zamanı həyata keçirilmiş “Siseron” əməliyyatı öz qeyri-adiliyi ilə tarixdə qalıb. Əməliyyatın adı qədim yunan natiqi və dövlət xadimi Siseronun adından götürülmüşdü. Türkiyənin paytaxtı Ankara şəhərində alman kəşfiyyatının xeyrinə casusluq etmiş “Siseron” təxəllüslü agent isə İngiltərə səfirinin şəxsi kamerdineri (otaq xidmətçisi) olmuşdu. O, öz təşəbbüsü ilə Almaniya səfirliyinə iyirmi min funt sterlinqin müqabilində konfidensial əməkdaşlıq təklif etmişdi.



Agentin həddindən artıq çox pul tələb etməsinə baxmayaraq, Almaniya kəşfiyyatı həmin sənədləri almaq qərarına gəlmişdi. Sonralar alman kəşfiyyatının rəhbəri Şellenberq xatırlayırdı ki, “agentin verdiyi sənədlərdə İngiltərə Xarici İşlər Nazirliyinin Ankaradakı səfirliyi ilə yazışmalarının əks olunduğu fövqəladə əhəmiyyətə malik məlumatlar var idi. Sənədlərdə İngiltərə səfirinin İngiltərə- Türkiyə, İngiltərə-SSRİ münasibətlərinə dair şəxsi qeydləri də öz əksini tapmışdı”.
“Siseron” təxəllüslü kamerdiner sonralar sənədin fotolentinin olduğu hər kasetə görə on beş min funt sterlinq tələb edirdi. Həmin məbləğ ona vaxtaşırı ödənilirdi.

Şellenberqin xatirələrində də qeyd olunduğu kimi, kamerdiner sənədlərin fotoşəkillərini təkbaşına çəkirdi, çünki o, iki il bu işi öyrənmək üçün məşq etmişdi. İngiltərə səfirinin yatmazdan qabaq yuxu dərmanı qəbul etmək adəti var idi. O yatdıqdan sonra “Siseron” şefinin paltarlarını təmizləmək üçün otaqda qalırdı. Bu zaman o, səfirin cibindən açarı götürərək, seyfin qapısını açır və Almaniyadan göndərilmiş “Leyka” fotoaparatı ilə oradakı məxfi sənədlərin şəklini çəkirdi.

Lakin bəzi detallar almanlarda “Siseron”un səmimiliyinə şübhə yaradırdı. Belə ki, o, sənədlərin şəklini təklikdə çəkdiyini desə də, şəkillərin birində onun barmaq izləri aydın görünürdü. Mütəxəssislər iddia edirdi ki, eyni zamanda əlində sənədləri tutmaq və onların şəkilini çəkmək qeyri-mümkündür. Buna görə də, onun tək işləmədiyi qərarına gəlinmişdi.



Bundan başqa, onun keçmişinə dair şübhəli məqamlar üzə çıxmışdı. O, bir dəfə əlaqədə olduğu alman kəşfiyyatçısına bildirmişdi ki, atası Konstantinopolda yaşamış və bacısı ilə əlaqədar xoşagəlməz hadisə nəticəsində qətlə yetirilmişdi. Başqa bir vaxt isə atasını Albaniyada bir ingilisin ov tüfəngi ilə öldürdüyünü, buna görə də ingilislərə nifrət etdiyini söyləmişdi. Üstəlik, “Siseron” ingilis dilini bilmədiyini desə də, sonradan onun bu dili yaxşı bildiyi məlum olmuşdu. Bütün bunlar onun səmimiyyətinə şübhə yaratsa da, agentin təqdim etdiyi sənədlərin həqiqiliyinə heç kəsin şübhəsi yox idi.

Həmin sənədlərin arasında 1943-cü ilin oktyabr ayında baş tutmuş xarici işlər nazirləri Hell, İden və Molotovun iştirakı ilə keçirilmiş Moskva konfransının yekun sənədləri də var idi. Həmin ilin noyabr ayında Stalin, Ruzvelt və Çörçillin Tehran görüşünə dair sənədlər də alman kəşfiyyatı üçün olduqca mühüm əhəmiyyətə malik idi.

Sənədlərin ələ keçirilməsinin almanlar üçün əhəmiyyəti bir də ondan ibarət idi ki, onların sayəsində İngiltərənin diplomatik şifrini qismən də olsa, deşifrə etmək onlara müyəssər olmuşdu.

“Siseron”un sənədlərində ilk dəfə işlədilən “Overlord” sözü müttəfiqlər tərəfindən Normandiyaya qoşun çıxarmaqla ikinci cəbhənin açılmasını ifadə etmək üçün istifadə edilən kod kəlmə idi.

“Siseron” 1944-cü ilin mart ayınadək almanlarla konfidensial əməkdaşlıq etmişdi. Həmin ilin aprel ayında Türkiyənin müttəfiqlər düşərgəsinə keçməsi və almanlarla diplomatik münasibətləri kəsməsi ilə əlaqədar Ankaradakı Almaniya səfirliyi öz fəaliyyətini dayandırmağa məcbur oldu.

“Siseron” əməkdaşlıq müqabilində almanlardan ümumilikdə üç yüz min funt sterlinq pul alsa da, sonradan həmin pulların saxta olduğu üzə çıxmışdı.

Uzun illər “Siseron”un əsl adı naməlum qalmışdı. Lakin bir neçə il bundan əvvəl Qərbi Almaniyanın kəşfiyyat orqanlarında işləmiş sovet kəşfiyyatçısı Hayns Felfe öz xatirələrində onun kimliyini açıqlamışdı: “Konfidensial əməkdaşlığa cəlb olunmuş Elyas Bazna adlı, “Siseron” təxəllüslü agent 1945-ci ildə uzun müddətə yoxa çıxsa da, 1950-ci illərdə yenidən peyda oldu. Həmin dövrdə Helenin başçılıq etdiyi təşkilat ABŞ-ın maliyyə vəsaiti hesabına fəaliyyət göstərirdi. Qərbi Almaniyanın təhlükəsizlik orqanlarına şikayət məktubu göndərən “Siseron” bu dövlət qarşısındakı xidmətlərini sadalayaraq, ona verilmiş saxta pulların əvəzində əsl valyuta tələb etmişdi”.

Məktub özünü abverin hüquqi varisi hesab edən general Helenə göndərilmiş, lakin “Siseron”a bununla bağlı heç bir cavab verilməmişdi. Almanlar güman edirdilər ki, E.Bazna həmin saxta pulları hələ müharibə dövründə dövriyyəyə buraxaraq, onların əvəzində qızıl pullar əldə etmişdi. (Azvision)

Açar sözlər:

Oxunub: 8854