Həbs olunan iş adamı kimdir? ARAŞDIRMA


19:07     12 May 2015 nesib%20piriyev1.jpg

Dünən ölkə mətbuatını zəbt edən “oliqarxların həbs dalğası“ haqda Femida.az araşdırma aparıb. Həbs olunanlardan biri Nizami Piriyevdir.


Nizami Piriyev kimdir?

Nizami Nəsib oğlu Piriyev 1958-ci, yanvarın 11-də Gəncədə anadan olub. İnşaat Mühəndisləri İnstitutunu bitirən iş adamı bir müddət Bakıda tikinti-sənaye müəssisəsində işləyib. 1992-2002-ci illərdə «PNN Arkansas Inc» neft-qaz şirkətinin prezidenti olub. 2003-cü ildən isə Rusiyanın «StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru vəzifəsini daşıyıb.

Baş direktor olduğu «StroyTransGASOil» şirkətinin əsas səhmdarları Rusiyanın «Qazprom» və PNN Petroleum Ltd «Nasib Coop. at GeoPhysPribor» şirkətləri olub. Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar. “PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib. 2006-ci ildə Azərbaycana dönən N.Piriyev «AzMeCo»nu təsis edərək reigonda ilk metanol zavodunu tikməyə başlayıb. 350 milyon dollara başa gələn müəssisə 2013-cü ildən fəaliyyət göstərir.

Bakı ətrafında- Qaradağda tikilən metanol zavodu Cənubi Qafqazda yeganə ən iri metanol zavodudur. Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir. “AzMeCO» şirkəti 2013-cü ildə Liviyanın neft sektoruna investor olaraq daxil olub, bu ölkənin neft-kimya və neft emalı zavodlarının tikintisinə dair öhdəlik götürüb.

AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib Piriyevlərin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi var.
Oğul Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüser və biznesmendir. Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.Kollektivdə kifayət qədər hörməti və nüfuzu olan bir şəxsə çevrilib.

Bəs bu qədər uğur əldə etmiş bir biznesmenlərin həbsinə səbəb nə ola bilər?
Mətbuatda yayılan məlumatlara görə Nizami Piriyevin adı “Cahangir Hacıyev işi” ndə hallanır. Onun həbsi məlum məsələlərlə bağlıdır. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.

Məsələ ilə bağlı AzMeCo şirkəti ilə əlaqə saxladıq.

Özünü katibə kimi təqdim edən xanım bunları bildirdi:” Mənim sizin suallarınıza cavab vermək səlahiyyətim yoxdur. Bizim mətbuat xidmətinin işçisi məzuniyyətdədir.”
Şirkətin adından danışan xanım bildirib ki, hər şey qaydasındadır:
“İşlərimiz əvvəlki templə gedir.”

Femida.az həbs edilən işadamları haqda araşdırmaları davam etdirəcək.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6694