Fransanın Bakıya satacağı raket sistemləri – 20 kilometrə qədər məsafəni vurmaq olacaq +VİDEO


15:34     05 Dekabr 2018 2018/12/maxresdefault-(8)_1544010352.jpg

Fransanın MBDA şirkətinin Azərbaycana ASTER 30 SAMP/T və VL Mika sistemləri satacağı barədə informasiya yayılıb.

Axar.az xəbər verir ki, yeni razılaşmanın zamanının yaxın zamanlarda elan ediləcəyi vurğulanıb. Maraqlı məqam bu sistemlərin hansı keyfiyyətlərə malik olmasıyla bağlıdır.

SAMP-T

SAMP-T sistemlərinin istehsalını “Avrosam” (“Eurosam”) konsorsiumu həyata keçirir. Bu konsorsiumda Fransanın MBDA, İtaliyanın MBDA və Fransanın “Thales Qrup” şirkəti yer alıb.






SAMP-T sistemləri 360 dərəcədə dairəvi atəş açmaq qabiliyyətinə, istənilən hava hədəfini məhv etməyə qadir yüksək manevrli raketlərlə təchiz edilən zenit-raket kompleksidir. SAMP-T yüksək atəş tempinə malikdir. Belə ki, bu sistem özünün 8 raketini 10 saniyə ərzində hədəfə yönəldə bilir. Bununla bərabər, sistem eyni zamanda 10 fərqli hədəfi də izləmək qabiliyyətinə sahibdir. Ən maraqlısı isə odur ki, sistemdəki bu qədər işi cəmi iki nəfər icra edir.

“Avrosam”ın iddiasına görə, SAMP-T kompleksi az görünən çevik, manevrli hədəflərə qarşı geniş diapazonda yüksək effektivliyə sahibdir. SAMP-T sistemi tərkibində çoxfunksiyalı Tomson CSF ARABEL radiolokasiya sistemlərini, bütün idarəetmə aparatının cəmləndiyi və hava şəraiti haqqında informasiyanın daxil olduğu Döyüş İdarəetmə Kabinəsini, ASTER-30 raketlərini, həmçinin özüyeriyən buraxılış qurğusunu cəmləyib.

Bu sistemdə olan ARABEL radiolokasiya sistemi həmçinin eyni anda 130 hava hədəfini müəyyən edib, izləmək gücündədir. Bu radiolokasiya qurğusu həmçinin taktiki ballistik raketləri 600 kilometr məsafədə aşkar edə bilir.

ASTER-30 raketinə gəldikdə isə bu raket geniş spektrda hava hədəflərini məhv etmək gücünə sahibdir. O, daha çox gəmi əleyhinə hipersionik qanadlı raketlərin, yüksəksürətli təyyarələrin və ya raketlərin məhvi üçün nəzərdə tutulub. Belə ki, bu raketlər təyyarələri 3-100 kilometr, ballistik raketləri 3-35 kilometrdə məhv edə bilir. Səmada isə bu raketlər 25 kilometr hündürlükdəki bütün hədəfləri məhv etmək gücündədir.

VL-Mika

VL Mika sistemi də Fransa istehsalıdır. Bu kompleks kiçik ölçülü raket sistemləridir. Bu sistemlər SAMP-T-dən bir çox keyfiyyətlərinə görə geri qalır.




Bu sistem “Mika” raketləri ilə təchiz edilib. Hava-hava sinifinə daxil olan raketlər yüksək manevrli hədəflərin məhvi üçün nəzərdə tutulub.

VL-Mika sistemi maksimum 20 kilometrə qədər uzaqlıqda olan hədəfləri məhv etmək gücündədir. Bu raketlər həmçinin 9 kilometr hündürlükdəki hədəfləri də dəqiqliklə vurur.

Qeyd edək ki, bu raketlərin hazırlanmasına 1982-ci ildə başlanılıb. 1998-ci ildə raket Fransa ordusunun arsenalına qəbul edilib.

Bu raketlər hazırda Fransa ilə bərabər Qətər, Yunanıstan, BƏƏ, Tayvan ordularının da arsenalında mövcuddur.

Açar sözlər: #Ordu   #Azərbaycan   #Silah   #Fransa   #VL-Mika  

Oxunub: 1672