"Taxify" müştəriləri aldadır? - ARAŞDIRMA


09:46     11 Dekabr 2018 2018/12/taxify-r-tenio-nuotr-76385775_1544506553.jpg


Son illər Azərbaycanda ən sürətlə böyüyən sektorlardan biri də taksi sektorudur. Mütəmadi olaraq bazara yeni şirkətlərin daxil olması rəqabəti də artırır. Nəticədə şirkətlər qiymətləri endirir ki, bu da vətəndaşlara sərf edir. Hazırda Azərbaycanda zəng vasitəsilə çağırılan taksilərlə yanaşı, internet vasitəsi ilə sifariş edilən taksilər də var. Bunlardan ən çox yayılanı “Taxify”dır.

Femida.az-ın araşdırmasına görə, daha əvvəl Bakıda internet vasitəsi ilə sifariş edilən bir çox taksi xidmətləri olsa da, “Taxify” qiymətlərin ucuzluğuna görə digər şirkətləri bazardan çıxara bildi. Elə indi də bu şirkət rəqabətdə digərlərini udur.

Lakin qiymət aşağılığının da özünəməxsus tərəfləri var. Saytımıza müraciət edən İsmayıl Hacıyevin iddiasına görə, kartlı ödənişlərdə şirkət yekunda göstərilən məbləğdən daha artıq pul çıxır:

"2 gün öncə Taxify-dan istifadə etdim. Ödənişi kartla həyata keçirdim. Mobil əlavədə göstərildi ki, gediş 1.93 AZN-ə başa gəlib. Lakin sonradan kart hesabımdan 2.35 AZN çıxıldığını gördüm. Belə başa düşdüm ki, şirkət ƏDV-ni yekun qiymətdə göstərmir, əlavə olaraq kartdan çıxır. Vətəndaş pulu nəğd şəkildə ödəyərsə, ondan ƏDV tutulmur. Kartlı müştərilər isə bu məsələdən xəbərsizdirlər. Çünki çox vaxt onlar gedişdən sonra balanslarını yoxlamır. Yoxlasa belə, əlavə tutulan məbləğ kiçik olduğu üçün nəzərə çarpmır”.



Məsələ ilə bağlı “Taxify” şirkəti ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, şirkətin heç bir telefon nömrəsi olmadığı üçün birbaşa əlaqə yarada bilmədik. Elektron poçt ünvanına ünvanladığımız sorğuya şirkətdən belə cavab verildi:

“Taxify istifadə edən zaman bank tərəfindən 18% ƏDV tətbiq edilir. Müştərisi olduğunuz bank bu haqda müştərilərə xəbərdarlıq mesajı göndərir. Habelə sosial şəbəkələrdə, internet saytlarında Vergilər Nazirliyinin bu qərarı ilə bağlı məlumat verilib. Əgər 18% ƏDV Taxify tərəfindən çıxılsa idi, bu barədə məlumat mütləq şəkildə qeyd olunardı”.

Məsələ ilə bağlı iqtisadçı Əli Əhmədov Femida.az-a açıqlama verib:

"Əslində burada çətin bir şey yoxdur. Görünən odur ki, şirkətin hesabı xaricdə yerləşir. Vergi qanunvericiliyinə görə isə xarici hesaba köçürülən istənilən məbləğin 18 faizi ƏDV kimi tutulur. Bu da eynilə belədir. Təsəvvür edin, “facebook”da biz hər hansı bir postu reklam edirik. Bunun üçün hesaba ödəniş edilir. Eynilə burada da 18 faiz əlavə pul tutulur. Çünki “facebook”un bank hesabı xaricdə yerləşir. Nəğd ödənişlərdə ƏDV tutulmamasına gəlincə isə, bu məsələ “Taxify” şirkəti ilə sürücülərin öz arasında həll etdiyi məsələdir”.



Məsələnin hüquqi tərəfini öyrənmək üçün Vəkil Absaladdin Əliyevə müraciət etdik. O, Femida.az-a açıqlamasında bildirdi ki, vətəndaş ilk növbədə müştərisi olduğu banka müraciət etməlidir:

"Situasiyaya hüquqi qiymət vermək üçün vətəndaşın gedişinin çeki, sürücünün şəxsi VÖEN-i olub-olmaması, tərəflərin hansı bank müştərisi olduğu və digər müvafiq sənədlər lazımdır. Amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, əksər hallarda bu cür çıxılmalar bank tərəfindən edilir. Vergi qanunvericiliyə əsasən, xarici hesablara köçürülən pullara görə 18 faiz ƏDV tutulur. Amma istənilən halda sənədlərə baxıb demək olar ki, bu ƏDV məbləğidir, yoxsa bankın tutduğu hər hansı digər məbləğ. İlk növbədə vətəndaş məsələni müştərisi olduğu bankla aydınlaşdırmalıdır”.

Məsələ ilə bağlı Vergilər Nazirliyinə də sorğu ünvanladıq. Bir neçə dəfə əlaqə saxlamağımıza baxmayaraq, nazirlikdən hər dəfə sualın ən qısa müddətdə cavablandırılacağı bildirildi. Lakin sorğu cavabsız qaldı. Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #taksi   #taxify   #vergi   #ƏDV   #Bakı   #hüquq   #qanun   #femida   #iqtisadiyyat  

Oxunub: 2307