"Minsk qrupu 30 ilə yaxındır elementar bir addım ata bilməyib" - Politoloq
16:14 30 Yanvar 2019
"ATƏT Avropa məkanında bilavasitə təhlükəsizlik niyyəti ilə yaradılıb. Bu təşkilat yarananda dünyada iki güc var idi: ABŞ və SSRİ. Qlobal səviyyədə mübarizə məhz bu iki dövlətin geosiyasi maraqları çərçivəsində baş verirdi. ATƏT-in o vaxt qəbul olunan 10 prinsipindən 2-i də bu hegemonların maraqlarını müdafiə edirdi. Hansı ki, bu da bir çox dövlətlərə münaqişələrin həllində problemlər yaratmaqda davam edir".
Bu sözləri politoloq Natiq Miri Azərbaycanın ATƏT-ə üzvlüyünün 27 illiyi ilə bağlı şərhində deyib. Onun Femida.az-a açıqlamasına görə, qurumun prinsiplərdən biri dövlətlərin ərazi bütövlüyü və suverenliyini nəzərdə tuturdusa, ikincisi xalqların öz müəddəratını həll etməsini nəzərdə tuturdu:
"Bunlar daban dabana zidd prinsiplərdir. Bu gün məhz həmin prinsiplər Dağlıq Qarabağ probleminin həllinə imkan vermir. Beynəlxalq hüquqa görə, milli azlıq yaşadığı coğrafiyanın siyasi taleyini həll edə bilməz. Amma bu gün Dağlıq Qarabağda yaşayan milli azlıq, yəni ermənilər referendum vasitəsi ilə Azərbaycandan ayrıldığı və müstəqil bir subyekt yaratdığı haqqında nəticələrlə qarşı-qarşıyayıq.
ATƏT-in Azərbaycana müsbət töhvə verdiyini görmürəm. Yəni təsir mexanizmləri olmayan dişsiz bir qurumdur. BMT-nin mandat verdiyi ATƏT-in Minsk qrupu fəaliyyət göstərir ki, bu qrup artıq 30 ilə yaxındır məşğul olduğu Dağlıq Qarabağ problemində elementar bir addım ata bilməyib. Bundan sonra da atası deyil. Odur ki, Azərbaycanın ATƏT-ə üzvlüyü bizə müsbət mənada heç nə qazandırmayıb. Minsk qrupunun həmsədr dövlətləri zaman-zaman Ermənistanın havadarı kimi çıxış etməklə vasitəçilik missiyasına kölgə salıblar. ATƏT kimi dişsiz bir qurumu sadəcə kağız üzərində anmaq daha doğru olardı".
"Bu təşkilatlar dünyada müəyyən maliyyələri xərcləməklə məşğuldurlar. Belə beynəlxalq strukturların fəaliyyətinə ehtiyac yoxdur. Qlobal səviyyədə təhlükəsizliyi təmin edə bilmirsə, beynəlxalq səviyyədə qarşıdurmalara, müharibələrə elementar təsiri yoxdursa, bu qurumu saxlamağa hansı səbəb görürlər, qətiyyən anlamış deyiləm", - deyə Natiq Miri fikrini yekunlaşdırıb.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib
- Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edib
- ATƏT sədri Azərbaycana səfər edəcək
- Vüqar Səfərlinin vəsatətləri təmin edilməyib
- Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
- ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb
- ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
- ATƏT sədri Ukraynaya səfər edəcək
- ATƏT Avropada ən yüksək müharibə riski elan edib
- Ceyhun Bayramov: "ATƏT reabilitasiya prosesinə töhfə verə bilər”