Emin Sabitoğlunun doğum günüdür


10:00     02 Noyabr 2019 19_11_02_1572674575.jpg


Azərbaycanlı bəstəkar, xalq artisti, bir çox məşhur mahnıların müəllifi Emin Sabitoğlunun doğum günüdür.

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Femida.az

Açar sözlər: #Emin   #Sabitoğlu   #bəstəkar  

Oxunub: 701