Korrupsiya cinayətləri ilə mübarizə üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin aktual problemləri


20:22     19 Noyabr 2019 19_11_19_1574180834.jpg

Cinayətkarlıqla, o cümlədən korrupsiya cinayətləri ilə mübarizədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Bir sıra hallarda isə korrupsiya cinayətləri ilə mübarizənin səmərəliliyini bu tədbirlər həyata keçirilmədən təsəvvür etmək mümkünsüz görünür. Bu baxımından 2011-ci ildə Baş prokuror yanında Korrupsiyayaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verilməsi zamanın sınağından keçərək özünü tamamilə doğrultmuş oldu.

Təhlillər göstərir ki, müsbət təcrübələrlə yanaşı, korrupsiya ilə mübarizənin təşkili və həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyətinin imkanlarından istifadənin təkmilləşdirməsi üçün kifayət qədər geniş üfüqlər mövcuddur. Korrupsiya cinayətləri bir qayda olaraq, əməlin latentliyi ilə xarakterizə olunduğundan bu tip cinayətlərin törədilmiş əməllərə nisbətdə açılma faizi heç də həmişə yüksək olmur. Rüşvətin alınması və verilməsinin hər iki tərəfi (rüşvət alan və rüşvət verəni) qane etməsi, zərərçəkmiş şəxsin şikayət verməkdə maraqlı olmaması açılma faizinin aşağı olmasının bir səbəbidirsə, onun digər səbəbi rüşvət alan şəxsin sosial statusunun yüksək olması və verilmiş şikayətin sonradan rüşvət verən üçün arzuolunmaz nəticələr doğura biləcəyi təhlükəsi ilə bağlıdır.

Korrupsiya cinayətləri ilə mübarizə sahəsində toplanmış təcrübə onu deməyə əsas verir ki, əksər hallarda vəzifəli şəxslər tərəfindən rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin araşdırılmasında əməliyyat ekperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi kimi əməliyyat-axtarış tədbirindən istifadə aktual olaraq qalmaqdadır. Qanunda əməliyyat eksperimentinin keçirilməsinin əsasları, bu tədbirin hansı cinayətlərin açılması və qarşısının alınması məqsədilə keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulmasa da, əməliyyat eksperimentinin keçirilməsinə dair müəyyən tələblər “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” Təlimatda öz əksini tapmışdır. Baş İdarənin Əməliyyat idarəsi tərəfindən korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində həmin əməliyyat-axtarış tədbirinin planlaşdırılıb həyata keçirilməsi və onun nəticələrinin sənədləşdirilməsinə dair ötən illər ərzində kifayət qədər müsbət təcrübə toplanmışdır. Xeyli sayda vəzifəli şəxsi məhz müvafiq qaydada hazırlanıb keçirilmiş əməliyyat eksperimenti nəticəsində cinayət məsuliyyətinə cəlb etmək mümkün olmuşdur.

Sözsüz ki, bu əməliyyat-axtarış tədbiri hazırlanıb həyata keçirilərkən məxfiçilik qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Məlumatın vaxtından əvvəl sızması əməliyyatın pozulması ilə yanaşı, əməliyyat orqanının fəaliyyəti barədə vətəndaşlarda mənfi fikirlərin formalaşması, etimadsızlığın yaranması ilə nəticələnə bilər. Bununla yanaşı, cəmiyyətimizdə mövcud olan mental dəyərlər nəzərə alınmaqla heç də həmişə rüşvət tələb olunan şəxsi əməliyyatda iştirak etməyə razı salmaq olmur. Eyni zamanda bəzi hallarda şikayətçi vəzifəli şəxsdən qisas almaq və ya onu vəzifəsindən azad etdirmək üçün qəsdən, kimlərinsə sifarişi ilə əməliyyatda iştirak etməyə könüllü razılıq verir, yəni qərəzli davranış nümayiş etdirir. Burada əməliyyatçı xüsusilə diqqətli olmalı, həm şikayətçinin şəxsiyyətini hərtərəfli öyrənməli, həm də vəzifəli şəxsin çalışdığı idarə və müəssisədə işlərin real vəziyyəti, korrupsiya faktlarının mövcudluğu barədə məlumatların dəqiqləşdirilməsi üçün əməliyyat imkanlarından istifadə etməlidir. Vəzifəli şəxslərinin korrupsiya cinayətləri törədərkən cinayət başında yaxalanmasına hesablanan əməliyyatların keçirilməsi hər belə tədbirə ciddi hazırlıq işlərinin görülməsini, cinayətin törədilmə yerinin qabaqcadan müayinə olunmasını, bu əməliyyatda iştirak etməyə razılıq vermiş vətəndaşın psixoloji hazırlığının təmin olunması, onun tərəfindən hər hansı rüşvətə təhriketmə halının tamamilə aradan qaldırılmasını tələb edir.
Təcrübə göstərir ki, əməliyyat eksperimenti keçirməklə korrupsiya hüquqpozmaları törədən şəxslərin cinayət başında yaxalanması daha çox vətəndaşlarla birbaşa təmasın mövcud olduğu, müxtəlif sosial, kommunal və sair ictimai xidmətlərin təqdim edildiyi sahələri əhatə edir. Belə ki, bu növ əməliyyat axtarış tədbiri nəticəsində aşkar edilən korrupsiya hüquqpozmaları daha çox sosial müdafiə, mənzil-istismar, təhsil, bank və digər xidmət sahələrində çalışan əməkdaşlar tərəfindən yol verilən halları əhatə edir. Mürəkkəb sxemlərdən istifadə edilməklə törədilən, sistematik və ya çox epizodlu korrupsiya cinayətlərinin aşkar edilməsi üçün uzunmüddətli ciddi əməliyyat araşdırılmalarının aparılması tələb olunur. Bu növ hallarda əməldən birbaşa zərərçəkmiş şəxslər olmadığından burada hər hansı şikayətçini müəyyən etmək, eləcə də onu əməliyyata cəlb etmək praktiki cəhətdən daha çətindir. Eyni zamanda burada korrupsiya ilə mübarizədə əməliyyat-axtarış fəaliyyətinin tətbiqini hər hansı şikayətçinin olub-olmamasından asılı etmək də məqbul sayıla bilməz. Odur ki, belə hallarda əməliyyatçı daha proaktiv olmalı, müxtəlif mənbələrdən əldə edilən məlumatları kompleks şəkildə nəzərdən keçirərək təhlil etməlidir.
Odur ki, yuxarıda qeyd olunanlar baxımından korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti həm də sistemli yanaşma tələb edir. Burada ilk növbədə korrupsiyaya daha çox həssas sahələrin və ya qurumların müəyyən olunmasından başlamaq daha məqsədəuyğun görünür. Bundan ötrü isə müxtəlif mənbələrdən istifadə oluna bilər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə gündəlik daxil olan məlumatların təhlili nəticəsində daha çox korrupsiyaya uğramış sahələr və ya təşkilatlar barədə kifayət qədər dolğun məlumatlar əldə etmək mümkündür. Eyni zamanda mətbuatda dərc olunan məlumatlar, əhali arasında keçirilən müxtəlif rəy sorğularının nəticələri, digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar bu işdə əməliyyatçıya yardımçı ola bilər. Sonrakı mərhələdə əməliyyat mənbələrinin imkanlarından istifadə etməklə açıq qaynaqlardan daxil olmuş məlumatları dəqiqləşdirmək, korrupsiyaya bulaşmış vəzifəli şəxslər barədə ətraflı məlumatlar əldə oluna bilər.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” AR Qanununun 11-ci maddəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin səbəb və əsasları müəyyən olunmuşdur. Həmin maddədə digər əsaslarla yanaşı “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumatın daxil olması” da əməliyyat-axtarış tədbirlərinin tətbiqinin əsaslarından biri olaraq müəyyən olunmuşdur. Əməliyyat-axtarış fəaliyyəti subyektləri belə məlumatları bir qayda olaraq spesifik üsullarla əldə edirlər.
Korrupsiya ilə bağlı hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması məqsədilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti olduqda konkret fiziki şəxslər barəsində əməliyyat-qeydiyyat işi başlanılır. Rüşvət cinayətləri ilə mübarizədə telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə kimi əməliyyat-axtarış tədbirləri həm ayrı-ayrılıqda, həm də bir yerdə keçirildikdə ciddi nəticələrə nail olmaq imkanı yaradır. Nəzərə alınmalıdır ki, adı çəkilən əməliyyat-axtarış tədbirləri bir qayda olaraq, məhkəmə qərarları ilə keçirilən tədbirlərə aid edilmişdir. Əks halda əldə olunmuş məlumatların heç bir sübut əhəmiyyəti olmayacaqdır. Hər belə əməliyyat-axtarış tədbiri ciddi hazırlıq işləri aparılmaqla xüsusi plan əsasında həyata keçirilməlidir.
Bir daha qeyd olunmalıdır ki, korrupsiya cinayətlərinə, o cümlədən rüşvətxorluğa qarşı mübarizə əməliyyat və istintaq orqanlarından düşünülmüş birgə fəaliyyət göstərməyi, qətiyyətli olmağı və xüsusi metodlardan istifadə olunmasını tələb edir. Bu cinayətlərin aşkarlanması və açılmasında texniki vasitələrdən istifadə ön plana çıxarılmalıdır. Bununla yanaşı, öncəki dövrlərin təcrübəsi göstərir ki, şahid və ya zərərçəkmiş şəxsin ifadəsi korrupsiya cinayətləri üzrə əldə edilən sübutlar arasında hələ də mühüm yer tutmağa davam edir.


Elvar Həsənov
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat
İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı,
kiçik ədliyyə müşaviri


Açar sözlər:

Oxunub: 1168