"Sığorta kartı" ilə bağlı - BUNLARI BİLMƏLİSİNİZ


12:48     26 Noyabr 2019 19_11_26_1574758640.jpg


Femida.az “Hüquqi maarifləndirmə” layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz cəmiyyətdə “sığorta kartı” kimi tanınan sosial sığorta şəhadətnamələri ilə bağlıdır.

Sosial sığorta şəhadətnaməsi nədir?

Bu şəhadətnamə müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Belə ki, itirilən gəlirlərə əməkhaqları, əməkhaqqına əlavələr, başqa ödənclər və digər xərclər daxildir:

İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər Əmək Məcəlləsi, "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunlar və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

Vətəndaş bu şəhadətnaməni itirdikdə nə etməlidir? Şəhadətnamənin fiziki varlığı nə üçün gərəklidir? Kartın özü olmadan nömrəsi ilə lazımi əməliyyatları həyata keçirmək olarmı?

Əvvəlcə qeyd edək ki, sözügedən kartla bağlı bütün xidmətləri həyata keçirən dövlət orqanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondudur. Sosial sığorta şəhadətnaməsi o halda yenilənir ki, vətəndaşın soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer dəyişib və ya şəhadətnamədə yazılan məlumatlarda səhv var. Eyni zamanda şəhadətna yararsız hala düşdükdə də yenilənir. Sosial sığorta şəhadətnaməsi itirildikdə və ya dəyişdirilməsinə zərurət yarandıqda vətəndaş DSMF-in müvafiq şöbəsinə müraciət etməlidir. Müraciət həm elektron, həm də xidmət yerinə gəlməklə ərzizə vasitəsi ilə mümkündür. Xidmətin həyata keçirilmə müddəti 2 həftədir və ödənişsizdir.

Əgər vətəndaşın sığortaolunan kimi uçotu yoxdursa, DSMF xidmətin həyata keçirilməsindən imtina edir. Hər hansı iş yeri olanlar üçün müraciət işçinin çalışdığı şirkət, iş yeri olmayanlar isə şəxsən müraciət edirlər.

Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda işçi ərizə işlədiyi yerin rəhbərliyinə, rəhbərlik isə müvafiq İcra Hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir. İş yeri olmayan şəxs, eləcə də özü-özünü sığortaedən şəxslər ərizə ilə fərdi uçotu həyata keçirən orqana bir ay müddətində şəxsən müraciət etməlidirlər. Təqdim edilmiş ərizə formaları yoxlandıqdan sonra 1 ay ərzində dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı hazırlanır və rəsmiləşdirilir. Fərdi uçotu həyata keçirən orqan müraciət olunduğu gündən bir ay müddətində yeni şəhadətnaməni təqdim etməlidir. Bu zaman DSMF-nin müvafiq orqanı şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisə yaranarsa, vətəndaşlar xidmətin göstərilməsindən imtina alarsa, yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Şikayət daxil olduğu gündən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Qeyd edək ki, hər bir vətəndaş özünə məxsus social sığorta şəhadətnaməsinin nömrəsini electron hökumıt portalından da öyrənə bilər. Bunun üçün müvafiq keçidi təqdim edirik:

https://www.e-gov.az/az/services/read/3408/0

Nəzərinizə çatdıraq ki, electron hökumət portalında müvafiq məlumatı almaq üçün şəxsin elektron imzası və ya ASAN imzası olmalıdır. Eyni zamanda vətəndaş e-gov.az saytında tələb olunan sənədlərin seriya nömrələrini daxil etməklə də qeydiyyatdan keçə və sığorta kartının nömrəsini öyrənə bilər.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #sığorta   #kart   #şəhadətnamə   #DSMF   #ƏƏSMN   #vətəndaş  

Oxunub: 11988