İran və Ukrayna XİN rəhbərləri Ceyhun Bayramovla telefonda danışıb


18:55     17 İyul 2020 20_07_17_1594998322.jpg

İran və Ukrayna XİN rəhbərləri Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramova zəng ediblər.

İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edərək ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində hərbi təxribatı və hazırkı gərgin vəziyyət barədə məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi vurğulanıb. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.

İranlı nazir Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

***

Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.

Nazir Dmitro Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.

Femida.az

Açar sözlər: #İran   #Ukrayna   #XİN   #nazir   #CeyhunBayramov  

Oxunub: 628