Femida.az-ın TARİX DƏRSİ


05:12     28 May 2015 AXC.jpg

1918-ci ilin 28 mayında Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş verdi. Həmin gün dünya ölkələrinin radiostansiyaları və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunması xəbərini dünyaya bəyan etdilər.


Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərq aləmində ilk dəfə olaraq demokratik prinsiplərə söykənən respublika qurdu.

Bəs Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə yarandı və onun yaranmasını şərtləndirən amillər hansılardır?

Femida.az mövzu ilə bağlı dolğun məlumat əldə etmək üçün tarixçi alimlərlə həmsöhbət oldu. Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovaya görə XX əsrin əvvəllərində Cənubi Qafqazda geosiyasi maraqların toqquşması zəminində və Çar Rusiyasının dağılması ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandı.

Firdovsiyə Əhmədova:

“Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və obyektiv şəraitdə yaranmışdı. Cümhuriyyətin yaranması Qafqaz regionu - Xəzər hövzəsi beynəlxalq rəqabət meydanına çevrildi. Rusiya imperiyasının müttəfiqləri İngiltərə və Fransa artıq öz müttəfiqləri olan Rusiyanın ərazilərinə sahiblənmək siyasəti yeridirdilər. “Böyük Ermənistan” iddiasında olan daşnaklar, həmçinin bolşevik Rusiyası da Bakı uğrunda, Xəzər nefti uğrunda kəskin mübasrizə aparırdılar. Rusiyanın tərkibində Azərbaycan muxtariyyətini istəməyən qüvvələr 1918-ci ilin yazından etibarən Bakıda və başqa şəhərlərdə Azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Məqsəd də Azərbaycanın müxtariyyətinə yol verməmək idi. Bu qüvvələr regionda müstəqil türk dövlətinin yaradılmasının əleyhinə idilər. Bu zəmində Azərbaycan xalqının yeganə ümidi Osmanlı dövlətinə idi. Belə bir Mürəkkəb geosiyasi vəziyyətdə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi.”

“Romanovlar sülaləsinin devrilməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün zəmin yaratdı” – deyə Tarix Elmlər Doktoru, professor Anar İsgəndərov vurğuladı.

Anar İsgəndərov:

“Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, I Dünya Müharibəsi baş verməsəydi, “Fevral” inqilabı baş verməzdi. “Fevral” inqilabı baş verməsəydi Azərbaycan Xalq Cümhuriyyəti yaranmazdı. Yəni I Dünya Müharibəsinin nəticəsi olaraq 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi çökdü və bu çöküntü nəticəsində Rusiya imperiyası dağıldı. Nəticədə İmperiya daxilindəki xalqlar müstəqilliyə sahib ioldular. Bu xalqlardan biri də Azərbaycan xalqı oldu. Azərbaycan xalqı 1918-ci ilin mayın 28-də özgə torpaqda, Tiflis şəhərində istiqlaliyyətini elan etdi.”

AXC-nin yeritdiyi xarici siyasəti necə xarakterizə etmək olar?

“ AXC bütün dünya dövlətləri ilə, o cümlədən qonşu dövlətlər ilə dinc yaşamaq prinsipini həyata keçirdi.” – deyə Firdovsiyyə Əhmədova münasibət bildirdi.

Firdovsiyyə Əhmədova:

“Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində prioritet təşkil edən əsas məsələlər 1918-ci il mayın 28-də elan edilən İstiqlaliyyət Bəyannaməsində öz əksini tapmışdı. Həmin bəyannamədə bütün dünya dövlətləri ilə, o cümlədən qonşu dövlətlər ilə dinc yaşamaq prinsipi xarici siyasətdə prioritet təşkil edən əsas məsələlər idi. AXC bu prinsipə sona qədər əməl etdi. Cümhuriyyət yarandıqdan sonra öz qarşısına 2 məqsəd qoydu: Bakını ruslardan azad etmək və özünün beynəlxalq arenada tanınmasına nail olmaq. AXC-nin beynəlxalq arenada subyekt kimi tanınması üçün Parisdə keçirilən konfransa nümayəndə heyəti göndərmək vacib idi. Ona görə də Ə.Topçubaşovun rəhbərliyi ilə yola düşən nümayəndə heyəti Parisdəki müzakirələrdə iştirak edir və 1920-cci il yanvarın 11-də “Antanta” ali şurası tərəfindən “de-fakto” tanınmasına nail olur. Həmin tarixdən etibarən Azərbaycanda xarici dövlətlərin diplomatik nümayəndəlikləri yaranmağa başladı. Gurcustanla münasibətlər çox yaxşı idi. Hətta xarici təcavüzdən birgə müdafiə olunmaq üçün 1919-cu il iyunun 16-da iki dövlət arasında hərbi-müdafiə paktı imzalanır. Türəkiyə ilə 1918-ci il iyunun 4-də Batumidə dostluq müqaviləsi imzalanır. Osmanlı dövləti sonradan Bakının azad olunmasında Azərbaycana hərbi yardım göstərdi. İran əvvəl tanımaq istəməsə də, sonradan 1920-ci il martın 20-də de-yure səviyyədə Azərbaycanın müstəqilliyini tanıdı. Tehranda səfirlik açıldı. Təkcə qonşu dövlətlərlə yox, eyni zamanda Yaponiya, Çin və s. uzaq Şərq ölkələri ilə də münasibətlər qurulmuşdu. Rusiya ilə münasibətlər isə kəskin olaraq qalırdı. “

Anar İsgəndərov:

“Əlbəttə ki, yeni yaranan dövlətin ən böyük problemi xarici dövlətlər tərəfindən tanınma və qonşularla normal münasibətlərin qurulmasını təmin etməkdir. Ona görə də AXC elan olunduqdan sonra Paris sülh konfransında Azərbaycanın de-fakto tanınması uğrunda əlindən nə gəlirsə etdi. Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə gedən nümayəndə heyətinin böyük səyləri nəticəsində AXC Antanta Ali Şurası tərəfindən 1920-ci ilin yanvarın 11-də de-fakto səviyyədə tanındı. Osmanlı dövləti Azərbaycanı ilk tanıyan dövlət oldu. 1918-ci ilin iyunun 4-də iki dövlət arasında sülh və dostluq müqaviləsi imzalandı və gələcəkdə Osmanlı dövlətinin lazım olduğu təqdirdə Azərbaycana hərbi baxımdan dəstək olacağı da müqaviləyə əlavə edidi. Məhz Osmanlı dövlətinin hərbi dəstəyi ilə 1918-ci ilin sentyabrında Bakı ruslardan azad edildi. AXC elan olunduqdan sonra İran Şimali Azərbaycanda dövlət qurulmasına qısqanclıqla ynaşırdı. Buna baxmayaraq Azərbaycan yeritdiyi uğurlu siyasət nəticəsində İran Azərbaycanın müstəqilliyini de-yure səviyyədə tanıdı.”

AXC-nin süqutununun kökündə hansı səbəblər dayanır?

Firdovsiyyə Əhmədovanın sözlərinə görə Azərbaycan Rusiya hərbi təcavüzünün qarşısında aciz qaldı və nəticədə 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Firdovsiyyə Əhmədova:

“AXC-nin süqutu Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə baş tutdu. Rusiya hakimiyyəti Bakını özünün bir ərazisi hesab edirdi və AXC-nin mövcudluğunu heç cürə qəbul etmirdi. 1920-ci ilin yanvarından etibarən Rusiya dəfələrlə Azərbaycana notalar göndərirdi. Azərbaycanın fe-fakto tanınmasını təmin edən Avropa dövlətləri də bilirdilər ki, Azərbaycana hərbi yardım etmədən onun Rusiyadan müdafiəsini təşkil etmək mümkün deyil. Antanta dövlətləri Rusiyaya qarşı mübarizədə Azərbaycana yardım etmədilər. Nəticədə Azərbaycan hakimiyyəti Rusiyanın hərbi müdaxiləsi qarşısında aciz qaldı və süqut etdi.”

Anar İsgəndərov:

“AXC iki dövlətlə münasibətləri normallaşdıra bilmədi : Rusiya və Ermənistan. Azərbaycanın etdiyi böyük güzəştlərə baxmayaraq Ermənistan tərəfi ərazi iddialarından əl çəkmirdi. Rusiya isə heç cürə Cənubi Qafqazda müstəqil türk dövlətinin yaradılması faktı ilə razılaşmırdı. Sovet Rusiyasının keçmiş Çar Rusiyası sərhədlərini bərpa etmək istəyirdi.1920-ci ilin aprel ayında Sovet ordusu Azərbaycanın sərhədlərinə müdaxilə etdi və 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudiyyətinə son qoydu.”

AXC fəaliyyət göstərdiyi dövrdə hansı islahatlar həyata keçirdi?

Firdovsiyyə Əhmədova:

“Azərbaycan Xalq Cümhuriyyəti daxili siyasətdə maliyyə, səhiyyə, maarif, ədliyyə və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. 1919-1920-ci illərdə hökumət xaricdə milli kadr hazırlamaq üçün əcnəbi ölkələrə 100-dən artıq abituriyent göndərilməsini də qərara almışdı. Bu dövrdə hökumət tərəfindən savadsızlığın ləğvi sahəsində xeyli ciddi islahatlar aparılıb. Bakı Dövlət Universiteti ilə yanaşı, Konservatoriyanın, Pedaqoji İnstitutun, ali təhsil verən polis məktəbinin, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılmışdı. Səhiyyə sahəsində də ciddi uğurlar əldə edidi. Ölkədə 33 xəstəxana açıldı. AXC-nin daxili siyasətində maliyyə-kredit sistemində mühüm yer tuturdu.”

AXC-nin Azərbaycan dövlətçiliyi tarixinə verdiyi töhfələr?

“AXC bu gün İslam aləmini radikalizmdə günahlandıran dövlətlərə təqdim etmək üçün müsəlman dövlətlərinin tarixi pasportudur” – deyə Firdovsiyyə Əhmədova bildirdi:

Firdovsiyyə Əhmədova:

“AXC-nin yaradılması təkcə Azərbaycan dövlətçiliyinin bərpa olunması demək deyildi. O eyni zamanda demokratik prinsiplərə söykənən sivil bir dövlətin yaranması demək idi. Türk-müsəlman Şərqində eyni zamanda Avropada qadınlara ilk dəfə seçki hüququ verildi. Bu gün İslam aləmini radikalizmdə günahlandıran dövlətlərə təqdim etmək üçün müsəlman dövlətlərinin tarixi pasportudur. Buna görə də AXC-nin yaranması təkcə Azərbaycan sərhədləri daxilində deyil, bütövlükdə Müsəlman-Şərq coğrafiyasında tarixi bir hadisəyə çevrilib.”

Anar İsgəndərov:

“AXC Azərbaycan tarixində zirvədir. İlk dəfə olaraq coğrafi məfhum olan Azərbaycan ifadəsi siyasi məfhuma çevrildi. Azərbaycanda hakimiyyət bölgüsü, qanunverici, icraedici və məhkəmə hakimiyyəti AXC-ilə bağlıdır. İlk ali məktəbimiz və ilk valyutamız yaradıldı. Ən böyük uğur isə sözsüz ki, qadınlara kişilərlə bərabər seçkilrdə iştirak etmək hüququnun verilməsi idi. Halbuki bu hüquq Avropada qadınlara 1946-cı ildə verildi. Bir sözlə AXC Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıra bildi. Həmin günlər edə bilmədiklərimizi isə bugünkü Azərbaycanımız etdi. 1991-ci ildə Azərbaycan dövlət müstəqillik qazandıqdan sonra özünü Xalq Cümhuriyyətinin varisi elan etdi.”

May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.

Respublika günümüz mübarək!!!!!

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 3265