Hərbçilərin pensiyası necə hesablanacaq? - Üzeyir Cəfərov AÇIQLADI


18:55     08 Fevral 2022 22_02_08_1644323058.jpg

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ. Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin – Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri M. Məmmədovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A. Vəliyevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M. Əliyevin və həmin kafedranın müəllimi F. Əliyevanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.

“Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Konstitusiya Məhkəməsinin bu qərarını şərh edən hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, bu, sadəcə olaraq indiyə qədər olan haqsızlığı aradan qaldırmaq üçün qəbul olunmuş bir qərardır:

"Bu qərarın hərbi qulluqçuların pensiya əlavələri məsələsi ilə heç bir əlaqəsi yoxdur. Məsələn, tutaq ki, bir hərbçi Müdafiə Nazirliyindən ehtiyata tərxis olunub və o sonradan hansısa mülki işdə çalışıb, yaxud güc strukturunda davam edibsə, ondan hər ay Dövlət Sosial Müdafiə Fonduna ödənişlər tutulurdu. Bu, qanun əsasında idi. Lakin bu ödənişlər hərbi qulluqçuların pensiyalarına əlavə olunmurdu. İndi Konstitusiya Məhkəməsi qərar çıxardı ki, harada işləməyindən asılı olmayaraq tutulan sosial ödənişlər 6 ildən sonra 2+33 formatında pensiyanın üzərinə gələcək. Yəni hərbçilərdən tutulan pulun taleyi bəlli olmurdu. Bəzi işbazlar da bu vəziyyətdən ustalıqla yararlanırdı. İndi onlar bu məbləği hesablayıb ödəməli olacaqlar. Yəni məsələ artıq Konstitusiya Məhkəməsinin qərarı ilə öz həllini tapdı. Bəzən iş o həddə çatırdı ki, DSMF Ali Məhkəmənin qüvvəyə minmiş qərarlarını belə icra etmirdi. Məsələn, bir zabit dostumuz, ehtiyatda olan polkovnik Əfqan Səmədov haqqında həm birinci məhkəmə, həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmənin qərarı olmasına baxmayaraq, DSMF bu qərarı icra etmirdi. Onların “ağıllı” hüquqşünasları qanunu öz bildikləri və çox savadsız şəkildə şərh edirdi. İndi onların bu qərarı yerinə yetirməmək ixtiyarı yoxdur. Bu onlar üçün cinayət məsuliyyəti yaradır. Bu qərar yerinə yetirilməyəcəyi təqdirdə cinayət işi qaldırılacaq və barələrində ölçü götürməklə bağlı təkzibedilməz sübutlar olacaq”./redaktor.az

Açar sözlər:

Oxunub: 698