Özünü jurnalist kimi təqdim edən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb


10:47     19 Aprel 2022 22_04_19_1650343487.jpg

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb etməkdə təqsiləndirilən Bayram Hacıyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələki məlum deyil.

Qeyd edək ki, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində feysbuk sosial şəbəkəsində və yutub videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi "Sizintv.az” və "Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 542