Ötən il inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı açıqlanıb


14:40     29 Aprel 2022 22_04_29_1651225262.jpg

Ötən il inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2021-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 72 min işə baxılıb.

Bildirilib ki, bu da 2020-ci ilin göstəricisindən 2,8 faiz azdır.

Onların 50,0 faizi idarəçilik qaydaları, 7,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 6,7 faizi yol hərəkəti qaydaları, 4,2 faizi mülkiyyət, 3,7 faizi sağlamlıq, 2,3 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları, 1,4 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları, 0,9 faizi iqtisadi fəaliyyət qaydaları, 0,7 faizi hərbi xidmət əleyhinə olan, 3,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.

2021-ci ildə baxılan işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olub.

İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Açar sözlər:

Oxunub: 376