Ərini qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb


16:47     04 İyul 2022 22_07_04_1656936550.jpg

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Zərərçəkmişin dostu Azad Əsədov Elşəni yaralı vəziyyətdə gördüyünü deyib: "Dedi ki, həyətdə iş görəndə bıçaq girib. Gülnar aptekə dərman almağa gedib. Təklif etdim ki, təcili yardım çağıraq. O isə imtina etdi. Çünki təcili yardım gəlsə, polisə məlumat verəcək. Gülnar kartı götürüb aptekdən dərmanlar alıb gətirdi. Elşən məni qırağa çəkib dedi ki, onu Gülnar bıçaqlayıb".

Zərərçəkmişin oğlu, 7 yaşlı Hüseyn Əlizadə bildirib ki, hadisə vaxtı öz otağında olub: "Biz hazırda ata nənəm Mahirə Hadiyevanın himayəsindəyik. İki qardaşıq. Qardaşım məndən üç yaş kiçikdir. Anam işdən tez gəlmişdi, istirahət edirdi. Anam atamı bıçaqla vuranda gördüm. Atam mənə dedi ki, polisə özü-özünü vurduğunu söyləyim".

Məhkəmənin növbəti iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 339