"Nərmin işi"ndə şok detal: İlkinin telefonunda çılpaq videolara kim baxıb?


19:51     07 Sentyabr 2022 22_09_07_1662565936.jpg

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Femida.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cinayət işinin materiallarında İlkin Süleymanovun telefon danışıqları ilə bağlı mobil operatordan alınmış arayışın olduğu üzə çıxıb. Bu gün həmin sənəd də məhkəmədə elan olunub.

İlkin Süleymanov deyib ki, yanvarın 6-da yanmış meyit tapılan gün polislər onu polis şöbəsinə aparıb. Həmin vaxt telefonu da əlindən alınıb. O vaxtdan nə telefonunu qaytarıblar, nə də özünü buraxıblar. Mobil operatordan əldə olunmuş arayışdan isə yanvarın 7-8-də onun telefonuna zənglərin gəldiyi, eyni zamanda, onun kimlərəsə zəng etdiyi sübut olunub.

İttiham olunan şəxsin telefonu ilə bağlı ekspertiza rəyində göstərilib ki, telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolarına, yanvarın 8-də saat 11:50-də isə çılpaq qadın görüntülərinə baxılıb.

Vəkillər bu epizodla bağlı ciddi ziddiyyətlər olduğunu məhkəmənin diqqətinə çatdırıb. İş materiallarında olan sənədlərin birində yanvarın 8-də səhər saat 10.00-dan 14.00-a qədər İlkin Süleymanovun şahid qismində dindirildiyi göstərilib.

“Səhər saat 10.00-dan 14.00-ə qədər müstəntiqin yanında şahid kimi ifadə verən İlkin Süleymanov necə olub ki, saat 11.50-də çılpaq qadın fotolarına necə baxa bilər? Ya birlikdə baxıblar, ya da İlkinin dediyi kimi, yanvarın 6-da telefonu ondan almış adamlar baxıb. Buna ona görə əl atıblar ki, İlkinin əxlaq probleminin olması, guya Nərminə cizgi filmləri göstərməsi görüntüsü yaratsınlar”, - vəkillər diqqətə çatdırıb.

İlkin Süleymanov özü də telefonunda baxdığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti olmadığını bildirib.

Vəkil Zabil Qəhrəmanov da şəxsin telefonunun götürülməsi ilə bağlı protokol olmadığını qeyd edib.

Proses sabah davam etdiriləcək.(apa)


Açar sözlər:

Oxunub: 797