Azərbaycan “G20“ qrupunun toplantısında təmsil olunub


16:54     30 May 2015 g20-logo_turkey_090215.jpg

Dünyanın 20 ölkəsini birləşdirən "G20" qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda Enerji davamlılığı üzrə işçi qrupunun ikinci iclası keçirilib.

Femida.az xəbər verir ki, Azərbaycanın Energetika Nazirliyinin İqtisadiyyat, Elm və İnnovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da Azərbaycan nümayəndə heyətinin tərkibində bu toplantıda iştirak edib.

Toplantıda hamı üçün enerji, enerji səmərəliliyi, neft-qaz və neft məhsulları bazarında şəffaflıq, qeyri səmərəli mineral yanacaq subsidiyaları və bərpa olunan enerji məsələləri üzrə müzakirələr aparılıb.

Əsas müzakirə mövzularından olan neft-qaz və neft məhsulları bazarında şəffaflığının təmin olunması məqsədilə yaradılmış Məlumat Bazası üzrə Təşkilatların Birgə Təşəbbüsünə qoşulanlardan biri məhz Azərbaycandır. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında enerji nazirlərinin görüşü də planlaşdırılır. Türkiyə "G20" qrupuna ötən il dekabrın 1-dən sədrlik edir.

Noyabrın 30-dək davam edəcək Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90 faizini, dünya ticarətinin 80 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edən "G20" qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

Açar sözlər:

Oxunub: 520