Olan “Qəbələ” yə oldu...


17:30     11 Avqust 2015 frrrr1383%20(1)08.jpg

İki gün bundan əvvəl Azərbaycan mətbuatı aldığı üzücü xəbərlə sarsıldı.


Bir neçə şəxsin hücumuna məruz qalmış jurnalist Rasim Əliyev daxili qanaxma nəticəsində həyata gözlərini yumdu. Maraqlısı ondan ibarətdir ki, Rasimin qətlində "Qəbələ" Futbol klubunun oyunçusu Cavid Hüseynovun adı hallanır. Daha doğrusu, hadisənin Cavid Hüseynovun qohumları tərəfindən törədildiyi və Cavidin də bu hadisələrdən xəbərdar olduğu deyilir. Bu hadisə əslində, futbolumuzun dirçəldiyi bir vaxtda, iki təmsilçimizin Avropa Liqasının Play Off mərhələsində boy göstərdiyi bir zamanda baş verdi. Uğurlarına sevindiyimiz klubların birinin futbolçusu, son iki oyunun qəhrəmanı Cavid Hüseynovun adı jurnalist Rasim Əliyevin ölümündə hallanması da əbəs yerə deyil.

İnsan çətin varlıqdır. Bir günə qəhrəmana çevrilən, bir anın içində xalq düşməni ola bilir.

Bəlkə doğrudan da Cavid Hüseynov və qohumlarının baş verən cinayət hadisəsi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki araşdırmalar aparılır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəsi "günahkar" adlandıra bilmərik. Amma şübhələr Cavidin üzərində cəmləşib. Rasimin ölümündən əvvəl verdiyi müsahibə, müsahibədə dediyi fikirlər bütün şübhələrin futbolçunun üzərində cəmləşməsinə səbəb olub.

Yəqin ki, araşdırmalar hələ uzun müddət davam edəcək.

Amma əsas problem qarşıdadır...

"Qəbələ" - nin Avropa Liqasında növbəti oyunu gəlir axı...

Nə oldusa, "Qəbələ" - mizə oldu. Klub tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasında Play OFF mərhələsinə yüksəlib. Buna görə də, bütün Azərbaycan futbolsevərlərinin qəlbində taxt qura bilib. Futbola ac olan ölkəmizdə ilk dəfə olaraq iki klubla Avropa Liqasının Play Off mərhələsində təmsil olunurduq. Bəli, bu çox böyük uğurdur.

Amma kaş ki, bu hadisə yaşanmayaydı...

İndi hansı azarkeş Cavid Hüseynovun növbəti oyunda qol vurmasına ürəkdən sevinəcək? Əslində, Azərbaycanımız naminə, futbolumuz naminə Avropa Liqasının istənilən oyunlarında həm Cavid Hüseynovun, həm də başqa bir futbolçunun qol vurmasına sevinəcəyik. Lakin nə qədər sevinsək də, qəlbimizdən bir sınıqlıq, kin, təəssüf hissi də uzaq olmayacaq. Təqribən iki həftədən sonra Qəbələ yunan klubu Panatinaikos ilə çox çətin və gərgin keçəcək bir qarşılaşmaya çıxacaq. Ona görə çətin ki, "Panatinaikos" kifayət qədər güclü bir klubdur. Ona görə gərgin ki, "Panatinaikos" "Qəbələ" - nin bu turdan əvvəl məğlub etdiyi "Apollon" komandası kimi bir yunan klubudur. Məhz ikinci amil hər iki oyunun çox gərgin keçəcəyindən xəbər verir. Yunanıstandakı oyunda yunan azarkeşlərin Cavid Hüseynov və klubumuz əleyhinə çirkin təzahüratlar səsləndirəcəyi də istisna edilmir. Bir azərbaycanlı kimi bu oyunlarda "Qəbələ" - nin yanında olmaq, ona var gücümüzlə dəstək olmaq borcumuzdur.

"Görəsən "Qəbələ" - nin oyununa gedim, yoxsa..."

İdmana əlavə ünsürlərin qatılması yolverilməzdir. İdman, xüsusilə də futbol dünya xalqlarını birləşdirən, sülh, dostluq, əminamanlıq hisslərini aşılayan kütləvi tədbirdir. Futbolun kütləviliyi onunla fərqlənir ki, bu idman növünə uşaqdan-böyüyə hər kəsin böyük marağı var və dünyanın istənilən nöqtəsində böyük azarkeş dəstəyi toplayıb. Ölkəmizdə də futbola böyük maraq vardır. Bu marağı Avropa Liqası çərçivəsində baş tutan oyunlar zamanı stadionları dolduran on minlər sübut edir. Hər kəs "Qarabağ" - ımızın, "Qəbələ" - mizin uğurlarına sevinir və nəhayət Azərbaycanda da artıq bu idman növünün inkişaf etdiyini düşünür.

Lakin məlum hadisə "Qəbələ"-nin növbəti oyununa marağı azaldıb.

Bəziləri düşünür: "Mən Cavid Hüseynovu necə dəstəkləyim? Onun qol vurmasına necə sevinim? Axı, Cavid Hüseynov gənc bir oğlanın qətlində günahlandırılır".

Bu düşüncələr "Qəbələ" - nin növbəti Avroliqa oyunu ilə bağlı azarkeşləri çətin bir dilemma qarşısında qoyur: "Görəsən "Qəbələ" - nin oyununa gedim, yoxsa..."

Ancaq unutmayaq: "Qəbələ" - nin bizim dəstəyimizə ehtiyacı var. Klub artıq adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazıb. İnanırıq ki, bu uğurların davamı da gələcək. Belə hadisələrin "Qəbələ" nin uğurlarına kölgə salmasına icazə verməməliyik. Unutmayaq ki, "Qəbələ" təkcə Cavid Hüseynovdan ibarət deyil. "Qəbələ" Azərbaycanımızı Avropada təmsil edir!!!

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2893