Azərbaycanda erkən nikahlarla bağlı İLLİK TƏHLİL


20:12     13 Noyabr 2017 erken%20nikah%20esas.jpg

`Müsbət bir hal olmasa da, artıq “uşaq nikahlar”ı termini formalaşmışdır. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə qanunlar qəbul edirlər. BMT Baş Assambleyasında Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında 193 üzv ölkə tərəfindən qəbul edilən qərara əsasən “11 oktyabr Beynəlxalq Qızlar Günü” təsis olunmuşdur. Bu sənəddə BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb`


Bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Femida.az-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində, eləcə də, ölkəmizdə bu gün qeyd olunur, BMT-nin Uaq Fondu tərəfindən hazırlanan hesabatlar dinlənilir və problemin qarşısının alınması üçün müəyyən tövsiyələr, bəyannamələr qəbul edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İcra Hakimiyyəti ilə birgə 2012-ci ildən başlayaraq, bu il də daxil olmaqla orta məktəblərdə Beynəlxalq Qızlar Gununə həsr olunmuş tədbir həyata keçirmişdir. Tədbirdə iştirakçılara qızların təhsildən yayınma halları, insan alveri, reproduktiv sağlamlıq, məişət zorakılığı, erkən nikah və onun fəsadları haqqında məlumat verilmişdir.

Azərbaycanda 1999-2011 –cu il illər ərzində nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşdək olan qızlar ən çox 1999-cu ildə (7,1%) olmuşdur. 2003- cü ildə nisbətən az (4,6%). 2007- ci ildən isə bu göstəricilər artmaqdadır. 2011-c ildə nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar 6,17 % təşkil edir. 2011-ci ildə 5138 erkən nikah faktı qeydə alınmışdırsa, 2012-ci ildə isə bu rəqəm azalmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci ilin məlumatlarına görə 18 yaşadək nikaha girənlərin sayı 295 , 2013-cü ilin rəsmi məlumatlarına görə isə 229 olmuşdur. Lakin əfsuslar olsun ki, 2014-cü ildə erkən nikahlarda da artım müşahidə olunur və 2014-cü ildə erkən nikahların sayı 479 təşkil etmişdir. 2015-ci ildə bu rəqəm bir qədər azalaraq 388 olmuşdur. 2016-cı ildə isə yenə də azalaraq 312 fakt o qeydə alınmışdır. 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə isə 2855 uşaq olmuşdur. 2014-cü ildə 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı da çoxalaraq, 3296 nəfər olmuşdur. 2015-ci ildə 2895 nəfər, 2016 cı ildə isə 2809-a qədər azalmışdır. Və bu rəqəm öz-özlüyündə göstərir ki, ölkədə erkən nikahların sayı azalmaqdadır.



Erkən nikahın qarşısının alınması məqsədi ilə dövlət strukturları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən geniş kompaniyalar aparılır. Belə ki, təhsili stimullaşdıran, iş bazarına daxil olmaq üçün lazımı peşə biliklərini artıran, özunə-güvəni gücləndirən, iqtisadi məşğuluğu artıran layihələr hər zaman dövlət və digər qurumlar tərəfindən təşkil olunur. Maarifləndirmə zamanı digər sosial təbəqələrlə yanaşı, erkən nikahı dəstəkləyən ailələr və həmin mühitdə böyüyən qız uşaqları xüsusi hədəf qrupunu təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın 7.4-cü yarımbəndində, habelə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015- ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015- ci illər) 3.5.2.1.-ci bəndində gender zorakılığı və uşaqlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı etibarlı monitorinq mexanizminin (sisteminin) yaradılması nəzərdə tutulmuşdur. Bu məqsədlə hazırda bütün yerli icra hakimiyyətlərində icra başçısının sərəncamına əsasən tərkibi aidiyyəti yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmiolaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyaları həyata keçirir. “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-cü illər)”na əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur, daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Preventiv işlər çərçivəsində uşaqların təhsilə davamiyyəti ilə bağlı göstəricilər nəzərdən keçirilir, məktəbdə təhsil alan və risk qrupuna aid ailələrdən olan şagirdlərin təhsil göstəriciləri, eləcə də şagirdlərin dərsdənkənar üzləşə biləcəyi mənfi hallarla (narkomaniya, tütündən istifadə və s.) bağlı məktəb kollektivi ilə müzakirələr aparılır. Risk qrupuna daxil olan, xüsusilə qız uşaqlarını təhsildən yayındıran valideynlər nəzarətə götürülərək onlarla profilaktik işlər aparılır, problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciət edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondu ilə birgə 2009-cu uldə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 –da ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirilmişdir. Hər iki təhlilin əsasında Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunmuşdur. Məhz bunun nəticəsi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılmışdır. Bundan əlavə, xüsusi şərtlər altında ailələrin və digər tərəflərin razılığı əsasında bu yaş həddi İcra Hakimiyyəti tərəfindən qızlar və oğlanlar üçün 17 yaşadək azaldıla bilər. Və eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “ Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddəsi əlavə edilmişdir. Həmin maddədə qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Ümumiyyətlə, Ailə Məcəlləsində valideynlik hüquqları və onların məsulyyəti (60.1., 60.2., 60.3, 60.4) bəndləri qeyd olunmuşdur. Azərbaycan qadın və qızların, uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş çoxlu sayda beynəlxalq konvensiyalara qoşulmuşdur. “Nikaha Daxil olmağa Razılıq Verilməsi, Minimal Nikah yaşı və Nikahın Qeydiyyatı haqqında”, “İnsanlarla Ticarət və Üçüncü Şəxslər Tərəfindən Fahişəliyin İstismarına Qarşı Mübarizə” "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" Konvensiyalarına, Pekin Bəyanaməsinə qoşulmuşdur. Bu sənədlərdə qadınlarla yanaşı, qızların da hüquqlarının müdafiəsi məsələsi xüsusi önəm daşıyır. Eləcə də, “Uşaq hüquqları haqqında” Konvensiyanı və iki Fakültativ Protokolarını ratifikasiya etmişdir. Bu gün Azərbaycanda ayrıca olaraq, uşaq hüquqları ilə bağlı müasir qanunvericilik bazası formalaşmışdır. Dövlət tərəfindən uşaqlarla bağlı 80-dən çox qanun və 30-dan artıq Dövlət Proqramının uğurla icra olunması bu sahəyə dövlət qayğısının nümunəsidir. Bu sənədlər vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir.



Dövlət Statistika Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin texniki dəstəyi ilə 2015-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.7.4-cü altbəndinin icrasının təmin olunması məqsədi ilə ölkə ərazisində statistik müayinə keçirmişdir. Müayinə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2014-cü ildə qeydə alınmış 479 erkən yaşda rəsmi nikaha daxil olma və 25486 rəsmi nikahdan kənar doğum halları baş verən ev təsərrüfatlarında aparılmış seçmə əsasında, 15-49 yaşlı 9497 qadın arasında sorğu yolu ilə aparılmışdır. Sorğunun nəticələri əhali, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyacın olduğunu göstərir. İlk nöbvədə qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da gücləndirliməsi vacibdir.

Son illər uşaq və gənclərin, o cümlədən qızların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə “Qadınlara qarşı zorakılığa yox deyək” , BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə “Məişət zorakılığının qarşısının alınması” , BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə “Məcburi köçkünlər və sığınacaq axtaran şəxslər/ qaçqınlar arasında cinsi zorakılığın aradan qaldırılması” layihələri çərçivəsində maarifləndirmə işləri aparır. Digər dövlət qurumları kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qızların hüquqlarına dair aktual layihələr həyata keçirir. Qadın hüquqlarından bəhs edən video çarx hazırlanmış və ölkənin regionlarında həm yerli televiziyalar vasitəsilə, həm də məktəblərdə nümayiş etdirilmişdir. “Uşaqlığımı əlimdən almayın”, “Erkən nikah,” “50 sual-50 cavab”, “Gender bərabərliyi” , “Qadın alveri”və s. bukletləri nəşr edilərək orta və ali təhsil müəssisələrində paylanılmışdır.

Dövlət Komitəsi yarandığı gündən uşaq hüquqlarının qorunması, erkən nikahlar, qızların təhsildən yayınması, nikahdankənar doğum hallarının qarşısının alınması istiqamətində müəyyən işlər görmüşdür. Həssas qruplara aid olan uşaqların iqtisadi, sosial və mədəni hüquqlarının qorunmasını təmin etmək üçün Komitənin nəzdində 11 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi və onların ailələrinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə məşğul olan Mərkəzlər həmin ailələri mövcud sosial xidmətlərlə əlaqələndirir. Eyni zamanda erkən nikah və məişət zorakılığı ilə əlaqədar olaraq bu mərkəzlər bəzi qabaqlayıcı və profilaktik tədbirlər görür, belə ailələri və ailə üzvlərini qeydiyyata alır və onlarla bütün sahələrdə iş aparır. Mərkəzlər 2013-cü ildən start verilmiş erkən nikahın qarşısının alınması ilə “Ailə başçısına məktub” aksiyası çərçivəsində 100 000-dən çox ailəyə məktub paylanmışdır. Məktubun məzmununda uşaqların valideyinlərinə mövcud qanunvericilik, onların məsuliyyət və vəzifələri, həmçinin övladlarını erkən nikaha məcbur etdikləri halda cərimələr və cinayət məsuliyyəti barədə məlumat verilmişdir. Cəmiyyətdə erkən nikah hallarına münasibətlə bağlı formalaşmış mənfi davranış tərzinin aradan qaldırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə 2011-ci ildən etibarən cənub zonasında erkən nikah halları və qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində “Sosial ünsiyyət və davranışların dəyişdirilməsi” proqramını həyata keçirir. Proqram yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, KİV və QHT-lərlə birgə olaraq yeniyetmə və valideynlərin cəlb edilməsi ilə reallaşdırır. 2011-2013-cü il ərzində cənub zonasında Lənkəran şəhəri və Masallı rayonunda seçilmiş 9 kənddə bu layihə həyata keçirilmişdir. Layihə çərçivəsində hər bir kənddə erkən nikah hadisələri ilə bağlı qabaqcadan məlumatın əldə edilməsi və erkən nikahın baş verməsinin qarşısını almaq məqsədilə nəzarət qrupları yaradılmışdır. Həmçinin hər bir kənddə fəal və nüfuzlu qadınlardan, din xadimlərindən, səhiyyə və təhsil işçilərindən ibarət təbliğat qrupları yaradılmışdır. Təbliğat qrupları kəndlərdə mütəmadi görüşlər təşkil edərək maarifləndirmə işlərini həyata keçirmişlər. Nəzarət qruplarının fəaliyyəti hazırda davam etdirilir və erkən nikah hallarının baş verməsinin qarşısının alınması ilə bağlı icma səviyyəsində işlər həyata keçirilir.



Uşaq hüquqları istiqamətində milli qanunvericilikdə yeni islahatların nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə Fərmanı ilə təsdiq edilmiş “Uşaq Hüquqlarının Həyata keçirilməsinə Dövlət Nəzarəti Qaydası” əhəmiyyətli sənədlərdən biridir. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılmasıdır. Bu sənədə əsasən uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Rayon ərazisində baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəbləri, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsi məsələləri müzakirə edilmişdir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3071