Xaricdə təhsil alanların diplomu necə təsdiqlənir?


19:22     14 Oktyabr 2015 xaricde.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bugünkü mövzumuz xaricdə təhsil alanların diplomlarını necə təsdiq edəcəkləri ilə bağlıdır.

Hazırkı dövrümüzdə bu çox aktual məsələdir. Belə ki, bəzi hallarda xaricdə bakalavr və yaxud da magistr təhsili alan tələbələrin bəziləri öz diplomlarını Azərbaycanda təsdiq edərkən müəyyən problemlərlə qarşılaşırlar. Yəni Təhsil Nazirliyi bəzi diplomları təsdiq etmir. Nazirlik təbii ki, müvafiq qanunvericiliyə uyğun olaraq bu addımı atır.

Bəs hansı hallarda xaricdə təhsil alanların diplomları təsdiq olunmur? Bununla bağlı qanunvericilik nə deyir?

Bu suallara aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının təsdiq edilməsi haqqında” qərarını nəzərdən keçirmək lazımdır.

Həmin qərarın ali təhsil sahəsində ixtisasların tanınması prosedurunun təşkili maddəsində ixtisasların tanınması üçün aşağıdakıların olmasının zəruriliyi qeyd olunub:

1. Ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması
2. Təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması.

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

Həmin qərara əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir:

1. Ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi

2. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir:

Təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy;

Təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi;

Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

Qərarla daha ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz:

http://edu.gov.az/az/page/164

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7406