Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə görüş keçirilib


18:40     25 Noyabr 2019 2019/11/1516_1574689205.jpg

Ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyində Avropa İttifaqının və ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Niderland, Latviya, Belçika, Çexiya və Yunanıstanın ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə görüş keçirilib.

Femida.az xəbər verir ki, görüşdə məqsəd hüquqi əməkdaşlığın genişləndirilməsi, ədliyyə və məhkəmə sahəsindəki yeniliklər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, qanunvericiliyin təcrübədə tətbiqi məsələlərini müzakirə etmək olub.

Nazirliyin aidiyyəti idarələrinin rəislərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs olunaraq, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mütərəqqi ədliyyə və məhkəmə islahatları və tətbiq olunan yeniliklər barədə məlumat verilib, bu sahədə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq vurğulanıb.

Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən cinayət qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsi, azadlığın məhdudlaşdırılması yeni alternativ cəza növünün təsbit olunması, o cümlədən bir sıra əməllərin dekriminallaşdırılması, bu sahədə probasiya xidməti yaradılaraq elektron nəzarət vasitələrinin geniş tətbiqi qeyd olunub.

Qonaqlar həmçinin, ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası, o cümlədən məhkəmə sistemində mövcud olan problemlərin həlli istiqamətində görülən kompleks işlər barədə məlumatlandırılıb.

Eyni zamanda qonaqlara ədliyyə sahəsində tətbiq edilən, Azərbaycan məhsulu olan innovasiyalar və rəqəmsal texnologiyalar – notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, notariat fəaliyyətinə, o cümlədən notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsinə dair "Mobil notariat" proqram təminatı barədə məlumat verilib.

Diplomatik korpusun təmsilçiləri Azərbaycan ədliyyəsinin yaranmasının 101-ci ildönümü münasibətilə təbriklərini ifadə edib, son illər ədliyyə və məhkəmə sahəsində əldə olunan nailiyyətləri maraqla izlədiklərini və bu sahədə aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıblar. Eyni zamanda, bu nailiyyətlərin öz ölkələrində yayılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib, habelə ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə qanunvericiliyin tələbləri izah olunub və təcrübədə tətbiqindən danışılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olaraq Azərbaycan ədliyyəsinin şanlı tarixini və inkişaf mərhələlərini əks etdirən ekspozisiyalarla tanış olub, onlara ədliyyə və məhkəmə islahatlarına və onun praktiki nəticələrinə, tətbiq olunan innovasiyalara dair ingilis dilində hazırlanmış broşüralar təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1103