8 il qoruduğu zirvə uğrunda şəhid olan mayor - REPORTAJ


18:50     30 Yanvar 2021 2021/01/sehid-mayor-rahib-babayev-6_1612017494.jpg

“Vaxt gəldi qələbə çaldı ordumuz
Azadlığa çıxdı doğma yurdumuz
Yenilməz aslana döndü qurdumuz
Dağıldı düşmənin bərəsi, bəndi
Murovun o üzü bizim Vətəndir”.

Elə Murovun o tayı uğrunda gedən döyüşlərdə mayor Rahib Babayev böyük şücaət göstərdi. Yaralandı... Amma, yaralarını gizlədərək səngərdə Murovu, Azərbaycanı qorumağı üstün tutdu.

Şəhidin yoldaşı Aygün Babayeva onunla sonuncu zəngi belə xatırlayır: “Bizim son danışığımız sentyabrın 28-də oldu. Artıq müharibə başlamışdı. Bizə dedi ki, biz irəliləyirik. Kəlbəcərə az qalırıq, deyirdi. Ondan sonra bütün əlaqələrimiz kəsildi. Bir daha danışa bilmədik. Bir də ayın birində biz onun şəhid xəbərini eşitdik”.

35 yaşlı Rahib Babayev 8 il şəhid olduğu zirvəni qoruyub. Vətəninə hədsiz dərəcədə bağlı olan mayor Babayev rütbəsinə baxmayaraq, sözün əsl mənasında əsgər olub. Soyuq səngəri isti yatağı bilib. Əmrində olan əsgərləri göz bəbəyi kimi qoruyub.
Rütbəsinə pillə-pillə yüksəlib Babayev. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olarkən, Vətəninin qəhrəmanı olacağını da bilirmiş yəqin. Özündən sonra əvəzsiz miras qoyub getdi: “Şəhid xanımı olmaq mənim üçün qürurludur. Onun övladlarını onun adına layiq böyütmək. Onun bizə qoyduğu şərəfli yolda onun yolu ilə davam etdirmək bizim üçün bundan sonrakı həyatımızın ən önəmli bir hissəsi olacaq”.

Şəhidin qayınanası Fəridə Quliyeva deyir ki, Rahib mənim üçün oğul idi: “Mən ona kürəkən kimi baxmırdım ki. Nə də o, bizə yad kimi baxmadı. O, mənə ana kimi baxdı. Bilirsiniz heç kim müharibə istəmir. Amma bu müharibədə biz haqlı idik. Bu olmalı idi. Rahib demək olar ki, bunu gözləyirdi”.

Qızı üçün atası onun qəhrəmanı, ən yaxın dostu idi. O, həm vətənini, həm də övladlarını çox sevərdi. Şəhidin qızı atasından qürurla danışır: “Mən onu çox tez itirdim. Amma, o bizə çox şey öyrətdi. Vətəni sevməyi, bayrağı sevməyi bizə o öyrətdi. Mənim atam şəhid olmazdan əvvəl də qəhrəman idi, indi də qəhrəmandır. Mən hiss edirəm ki, o bizim yanımızdadır. Mən fəxr edirəm ki, elə bir atanın qızıyam. O bizi çox sevərdi. İstəyirəm ki, o gəlsin. Mən onunla söhbət edim. O yenə bizi gəzintiyə aparsın. Son dəfə də olsa, onu qucaqlayım öpüm və söhbət onunla edim”.

Üçrəngli bayrağa bükülmək, qəhrəman olaraq dəfn edilmək, hər kəsə nəsib olmaz. Bu adın şərəfi var, fəxarəti var... Hər oğuldan igid doğulmaz. Hər insanın adı tarixə yazılmaz. Mayor Rahib Babayev qəhrəmanlığı ilə tarix yazanlardandır. Ruhun şad olsun şəhidim!

Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilən Rahib Babayev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.





Açar sözlər:

Oxunub: 1433