Gəncədə sexdəki partlayışa görə məsuliyyətə cəlb edilən sex rəisi amnistiyaya düşüb


23:05     02 Fevral 2022 22_02_02_1643828790.jpg

Gəncədə əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən “Sem San” şirkətinin sex rəisi Xaləddin Mehtiyev amnistiyaya düşüb.

Femida.az -ın xəbərinə görə, bu barədə qərar Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində elan edilib.

Qeyd edilib ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və onun barəsində Cinayət Məcəlləsinin (CM) 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə başlanan cinayət təqibinə xitam verilib.

X.Mehtiyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Xatırladaq ki, 2021-ci il iyunun 2-də “Sem San” şirkətinin qara metalların əridilməsi sexində qaynaqçı vəzifəsində işləyən Akif Eyvazov iş zamanı ağır dərəcəli bədən xəsarəti alıb.

İstintaqla müəyyən edilib ki, sözügedən sexin rəisi vəzifəsində işləyən X.Mehtiyevin texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən qaynaqçı A.Eyvazov sexdə metal balonunun partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alıb.

Daha sonra X.Mehtiyev CM-nin 162.1-ci maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib. Cinayət işi baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdi.

Açar sözlər:

Oxunub: 350