“Vəzifədə adamın varsa, klan sənsən” - Azərbaycanlı baş redaktor


17:10     07 Mart 2018 2018/03/28721996_567393326957008_925314992_n_1520414153.jpg

Femida.az Dağıstandakı azərbaycanlılarla müsahibələri davam etdirir. Budəfəki müsahibimiz “Əhlibeyt” aylıq qəzetinin baş redaktoru Əsədulla Paşayevdir:



“Vəzifədə adamın varsa, klan sənsən”.


Dağıstandakı azərbaycanlıların ümumi vəziyyətini bizə izah edə bilərsiniz?


Dərbəndlilərin adət-ənənələrinin, tarixinin, dilinin saxlanması üçün fəaliyyət göstərirəm. Dərbənddə 14 millət var, onlardan ən qədimi bizik. Konstitusiyaya görə biz buranın köklü sakinləri sayılsaq da bizə xalq yox, diaspor qurumu kimi yanaşırlar. Problemlərimiz çoxdur. 24 ildir ki, Azərbaycan teatrı təmirə dayanıb. Burada əvvəllər olduğu kimi nəsillər, familyalar arasında çəkişmələr yoxdur. İndi ləzgi xalqının arasındakı bəzi separatizmə meyilli insanlarla azərbaycanlılar arasında mübarizə var. Burada dayağın və pulun, vəzifədə adamın varsa, klan sənsən. Bizim isə vəzifədə adamımız yoxdur. Azərbaycanın dəstəyinə ehtiyacımız var. Burada zavod, fabrik tikilsə, Dərbənd azərbaycanlıları iş tapar. İşsizlikdən əziyyət çəkirik. Azərbaycanlı işadamları isə başqa regionlara pul qoyur.


“Dağıstanda vacib vəzifələrdə ləzgilərdir”.


Dağıstanda dini müxtəlifliyin mövcud olduğu bir respublikadır. Buradakı azərbaycanlıların məzhəbləri digər xalqların inancları ilə toqquşmur ki?


Burada əhali dindardır. Şəhər azərbaycanlıları şiə (50 min), rayon azərbaycanlıları isə sünnilərdir (70min). Aramızda problemlər var idi. Dava həddinə çatmasa da, məzhəb ayrılığı birliyə mane olur. Şiə məzhəbinə bağlı olanların dini liderləri, imamları, mollaları İranda təhsil alanlardır. Onlara qarşı xüsusi pərəstiş yoxdur. Ətraflarında adam toplaya bilmirlər. Biznes imkanları yoxdur. Vəhabilər isə əvvəllər çox güclü idi. Maliyyələri çox idi. İndi Xasavyurta yaxın ərazilərdə, ucqar kəndlərdə az da olsa qalıb. Vəhabilər avar və ləzgilərdən ibarətdir. Onların planları sünni-şiə qırğını salmaq idi. 2 il əvvəl bunlar dayandırıldı.


“Bizi bozqurd olmaqda ittiham edirlər”.


Dağıstandakı digər azsaylı millətlərin nümayəndələrinin yerli azərbaycanlılara münasibəti necədir?


Bayaq dediyim kimi, digər millətlərdən ləzgilər arsındakı bölücülüyə meyilli şəxslərin münasibətləri bizə qarşı getdikcə pisləşir. Onlar bunu açıq şəkildə etməsələr də, böyük müstəvilərdə azərbaycanlılara çox maneələr törədirlər. " Sadval " Avropa ölkələrində başqa adlarla qeydiyyatdan keçir, burada fəaliyyət göstərirlər. Daha sonra media vasitəsilə azərbaycanlıları şərləyirlər. Bizə V kalon deyirlər, bozqurd olmaqda ittiham edirlər. " Sadval "ın belə adamları haqqımızda separatçı kimi yalan məlumatlar yayırlar. Diasporumuz çox zəifdir. Bizə heç kim baxmır. Heç kim bizi saymır. Nə yerli adminstrasiya sözümüzü eşidir, nə də tələblərimizə qulaq asırlar. Vacib vəzifələrdə ləzgilərdir.


“Vəzifədə olan bəzi bölücü ləzgilər azərbaycanlıları əzməyə çalışır”.


Deyirsiniz ki, yüksək vəzifələrdə ləzgi xalqının nümayəndələridir. Bu yerli azərbaycanlılara hansı problemləri yaradır?


1994-cü ildən sonra şəhərdə azərbaycanlı mer olmayıb. Klançılıq milli zəmindədir. 2000-ci ilə qədər azərbaycanlılar statistikaya görə qabaqda idi. Sonradan kəndlərdən ləzgiləri yığıb gətirdilər. Uşaqlar təhsildən uzaqlaşmağa başlayır. Çünki ümidsizdirlər. Korrupsiya, milli-etnik zəmində problemlər var. İşə götürülməyən uşaq da oxumaq istəmir. Azərbaycanlılar vəzifəyə gəlsə, balans yaranar. Milli zəmində problemlər azalar. Vəzifədə olan bəzi bölücü ləzgilər azərbaycanlıları əzməyə çalışır. Yaxın illərdə bu problem həll olunmasa, Dərbənddə azərbaycanlı qalmayacaq. İmkanları olanlar Moskvaya üz tutur, geri qayıtmır. Onların yerlərini dağ kəndlərindən gəlmə avar və ləzgi ailələr tutur. Tabasaran, tat və udinlərə xüsusi problemimiz yoxdur. Laklar daha çox təhsil sahəsində işləyir. Azərbaycanlılardan isə polis sistemində işləyənlər az deyil. Azərbaycanlı olduqlarına görə işə götürülməyən azərbaycanlılar şəhəri tərk edir. Problem böyüyür, sözümüzü eşidən yoxdur.


Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti səlahiyyətlərini icra edən Vladimir Vasilyevdən gözləntiləriniz var?


Vasilyevdən iş yerləri gözləyirik, bərabərhüquqlu vəzifə təyinatı gözləyirik. Özünün işləyə bilməyi üçün bunları təmin etməlidir.

Günay Arda
Bakı-Dərbənd-Bakı

Femida.az

Açar sözlər: #Dağıstan   #Dərbənd   #Azərbaycanlı   #Vəzifə   #Ləzgi  

Oxunub: 8338