Generallar yenidən sərhəddəki vəziyyəti yoxladı
17:36 08 Sentyabr 2018
2018-ci ilin sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb.
DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin effektivliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilmiş, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilmiş, təklif və müraciətləri dinlənilib.
Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılıb.
“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunub.
Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilmiş, cari ilin noyabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar rayonunun icra hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunmuş və qısa müddət ərzində həyata keçirilməsi barədə qərar qəbul olunub.
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib
- Generallar həlak olan hərbçilərin məzarlarını ziyarət ediblər - FOTOLAR
- Generallar xüsusi təyinatlılarının təlimini izləyib - VİDEO
- Generallar toplandı - Zakir Həsənov müşavirə keçirdi
- Generallar vətəndaşları qəbul edəcək
- Generallarımız Qusara getdi - Müşavirə keçirilib
- Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR
- Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR
- Generalların iştirakı ilə seminar keçirilib
- Generallar Qarabağı müzakirə edib