Qarabağda biznes qurmaq istəyənlərin sayı 400-ü keçib
15:40 11 Mart 2021
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası kecirilib.
İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.
Məlumata görə, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulunu, təhlilini, sahibkarların məlumatlandırılmasını, müvafiq tövsiyələrin verilməsini və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təmin edir. Agentliyə təqdim edilmiş investisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək Agentliyə 409 müraciət daxil olub. Bu müraciətlərin 104-ü (25 %) ticarət və xidmət, 93-ü (23 %) sənaye, 69-u (17 %) kənd təsərrüfatı, 70-i (17 %) tikinti, 34-ü (8 %) turizm, 5-i (1,2 %) təhsil, 1-i (0,2 %) nəqliyyat və logistika və 33-ü (8,5 %) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.
Müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.
İclasda xarici şirkətlərin secilməsində təcrübə, ixtisaslaşma, yüksək keyfiyyət və münasib qiymət amilləri nəzərə alınacaq, yeni texnologiya gətirən və yerli resurslardan (maddi və əmək resurslarından) istifadə edən şirkətlərə üstünlük veriləcəyi vurgulanıb. Tədbirdə həmçinin, prioritet sahələr üzrə hazırlanmış layihələrin açıq platformada Azərbaycan, ingilis, türk və rus dillərində yerləşdirilməsi təklif edilib.
İclasda həmçinin bildirilib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı ”İşğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanaqlı inkişafı“ Dövlət Proqramında investisiya cəlbediciliyinin artırılması üçün investisiya təşviqi mexanizmi nəzərdə tutulur.
Ölkə Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Oxunub: 468
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək