Özəl klinikada qadını bu vəziyyətə saldılar - FOTO


19:59     16 Oktyabr 2017 kasmetika_qadinin_sifetinde_sagalmaz_xestelik_yaratdi.jpg

“VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.


Femida.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına paytaxtın tanınmış xəstəxanalarından birində baş mühasib işləyən Səidə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.

Səidə Əliyeva danışır ki, ilk dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, “VİP STYLE” MMC-dən nömrəsi “kupona düşüb”, ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.

Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.

Əliyeva bir müddətdən sonra görür ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.




Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən “Salvador Dali -2” kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.

Klinikada qadına deyiblər ki, kökdür və yəqin şəkərli diabeti də var. Hətta qara ciyərində problem ola biləcəyi haqda da xəbərdarlıq ediblər.

S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib. Məlum olub ki, onun üzünün dərisini kosmetik vasitələr yandırıb. Qadın Klinikanın tibbi rəyi ilə “VİP STYLE” MMC-nin rəhbəri Aydın Cəfərova müraciət edib. Onu dinləyəndən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət aparıblar. Klinika rəhbəri deyib ki, dərinin qaralması onların təyin etdiyi kosmetik vasitələr üzündən olmayıb.

S.Əliyeva başına gələnlərlə bağlı prokurorluğa müraciət edib. Deyir ki, ekspertiza ona “demodeks”, “foto dermatit” diqanozu qoysa da, bundan narazıdır. O, bir çox tanınmış dermatoloqların qəbulunda olub və üzündə “post inflamator hiper pigmentasiya” olduğu aydınlaşıb. Bu problemin həlli isə demək olar ki, mümkün deyil. Üzün əvvəlki vəziyyətini bərpa etmək bəlkə də illərlə sürən uzun müalicədən sonra mümkün ola bilər. Həkimlər ona bildiriblər ki, üzünü bir də müğənni Maykl Ceksonun dərisi kimi ağartmaq mümkündür ki, bu halda gərək ümumiyyətlə gün işığına çıxmasın.

Femida.az

Açar sözlər:

Oxunub: 3757