Gənclər şəhəri, 68 yaşlı Sumqayıt


14:17     22 Noyabr 2017 sum1479813216.jpg

Bu gün Sumqayıtın şəhər statusu almasından 68 il ötür.


Sumqayıt, Bakıdan sonra Xəzər sahillərində yerləşən ən böyük şəhərdir. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. İstilik Elektrik Stansiyası yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi. Müstəqillik qazandıqdan sonra isə Sumqayıt şəhəri tarixinin yeni mərhələsinə qədəm qoyub.

Bir zamanlar Sumqayıta gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.



Sumqayıtı ən çox xarakterizə edən cəhət, sözsüz ki, onun Qarabağ müharibəsi dövründə minlərlə qaçqın və məcburi köçkünə qucaq açması olub. Dədə-baba torpaqlarından didərgin düşərək Sumqayıtda məskunlaşmış minlərlə köçkünümüzə burada olduqca isti münasibət göstəriblər.

Şəhərin tərkibinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin və Corat qəsəbələri daxildir. Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici dövlətlərlə respublika əhəmiyyətli avtomobil və dəmir yolları əlaqəsi vardır. Hava yolları ilə əlaqələr Bakı şəhərinin Binə hava limanı vasitəsilə həyata keçirilir. Şəhərin ərazisində tikinti materiallarının (kərpic yüngül doldurucuları) istehsalı üçün təbii ehtiyatlar vardır.



Ötən müddət ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.

Femida.az

Açar sözlər:

Oxunub: 2483