Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərgi açıldı


16:28     23 Fevral 2019 19_02_23_1550909383.jpg

Fevralın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Femida.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə baş vermiş soyqırıma hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L. Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib ki, münaqişədən əvvəl – 1987-ci ildə yeddi min əhalisi olan Xocalı şəhərində 1992-ci ilin fevral günlərində üç min dinc sakin var idi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırıma məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırım şərtlərinə cavab verir.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımın beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər: Xocalı  

Oxunub: 490