Mahnı oxuduğu üçün işdən qovulan xəstəxana işçiləri ilə bağlı AÇIQLAMA: Öz ərizələri ilə AZAD OLUNUBLAR

Mahnı oxuduğu üçün işdən qovulan xəstəxana işçiləri ilə bağlı AÇIQLAMA: "Öz ərizələri ilə AZAD OLUNUBLAR"


11:08     15 Mart 2019 19_03_15_1552633796.jpg

Sosial şəbəkədə mahnı oxuyaraq videoya çəkdikləri üçün işdən azad olunan xəstəxana işçiləri barədə xəbər vermişdik.

Son vaxtlar Nəsiminin “Mən bu cahana sığmazam” qəzəlinə oxuduğu “Pəncü Şeş” mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızının ifasını yamsılayan işçilər Xəstəxanasının baş həkimi tərəfindən işdən azad edilmişdi.

Məsələnin detallarına varmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətindən Femida.az-a verilən açıqlamaya görə, sözügedən işçilər işdən azad olunmayıb. Onlar öz ərizələri ilə işdən çıxıblar:

“Həmin işçilər öz ərizələri ilə işdən azad olunublar. Biz hüquqi dövlətdə yaşayırıq. Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, onda məhkəməyə müraciət etsinlər. İşçi ilə rəhbər arasındakı mübahisəli məsələlər hüquqi dövlətdə məhkəmə yolu ilə həll olunur”.

Qeyd edək ki, tibb bacılarından biri yerli KİV-ə açıqlamasında baş həkimin onları işdən azad etdiyini demişdi:

"Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi".

Femida.az gün ərzində məsələnin hüquqi tərəfini işıqlandıracaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #səhiyyə   #tibb   #Şəki   #nazirlik   #mahnı   #video  

Oxunub: 2746